Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, eləcə də partiyanın gənc üzvləri Orxan Hüseynzadə və Şəmsi Bayramzadə Brüsseldə səfərdədirlər. Görüşün birinci günündə onlar Avropa Parlamentində bir sıra görüşlər keçiriblər.
Teleqraf.com-un məlumatına görə, əvvəlcə onlar Avropa Parlamentinin Macarıstandan olan deputatı Gyorgi Şöpflin ilə görüşüb, Avropa Xalq Partiyası ilə əməkdaşlığın perspektivləri bağlı müzakirə aparıblar.
Daha sonra qonaqlar Avropa Parlamentinin Genişlənmə və Avropa İqtisadi Məkanı idarəsinin rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Doktor Tomas Grunert ilə görüşüblər. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin gələcəyi və regional məsələlər müzakirə olunub.
S.Orucov, O.Hüseynzadə və Ş.Bayramzadə Azərbaycan Təhsil, Mədəniyyət və Əməkdaşlıq Dərnəyinin (AzeDer) dəstəyi ilə Avropa Parlamentində təcrübə keçən 13 azərbaycanlı gənc ilə görüşüb, həmçinin fikir mübadiləsi aparıblar.
Günün sonunda isə onlar Vilfred Martens adına Avropa Araşdırmaları Mərkəzində tədqiqat direktoru Roland Froydenşteyn ilə görüşüblər. Görüş beynəlxalq münasibətlər, Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığı kimi məsələlər ətrafında müzakirələr şəraitində baş tutub.
Səxavət