Rövşən Qəmbər prosesin qarşısını almaq üçün həmsədrlik təklifi irəli sürüb
Dünya Azərbaycanlıları Məclisinin sədri, İsa Qəmbərin qardaşı Rövşən Qəmbər Müsavat Partiyasının ikiyə parçalanmasından narahatdır. Bununla bağlı Rövşən Qəmbər Müsavat üzvlərinə, eləcə də, Qubad İbadoğlu və Arif Hacılıya müraciət edib.
Rövşən Qəmbər müraciətində bildirib ki, müsavatçıların qətiyyən parçalanmasına yol vermək olmaz: “Qurultay nümayəndələrindən xahiş edirəm ki, Müsavat Partiyasının ikiyə bölünməsinə qətiyyən yol verməsinlər, İsa Qəmbər, Arif Hacılı və Qubad Ibadoğlu üçlüyünün parlament seçkilərinə qədər maksimal xeyirli, uğurlu işbirliyinə başlamasına yardım etsinlər”.
Rövşən Qəmbər təklif edir ki, Müsavat Partiyasının ikiyə bölünməməsi üçün Almaniyadakı yaşıllar və solçular partiyalarında olduğu kimi iki həmsədr institutu təsis olunsun: “Dünənki qurultayda ən çox səs alan Arif Hacılının və Qubad İbadoğlunun həmsədr olmaları üçün yaxşı olardı ki, qurultayda nizamnaməyə dəyişiklik edərək həmsədrlik təsis olunsun. Qurultayın və yeni Məclisin maksimal işbirliyi nəticəsində Müsavat Partiyasına kollegial başqanlıq sistemi yaranmasına, lütfən yardımınızı əsirgəməyin”.
Cavidan