Bakıda bibisi oğlunu öldürməkdə təqsirli bilinən Rəmiş İsmiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Anar Qasımovun sədrliyi ilə baş tutan iclasda istintaq orqnının təqdimatı təmin olunub.
Rəmiş İsmiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər artırılıb.
İttihama görə, bu il yanvarın 8-də saat 21 radələrində Şabran rayon sakini Rəmiş İsmiyev Suraxanı rayonunun Bülbülə qəsəbəsində kirayədə yaşadığı evdə münaqişə zəminində onunla birgə yaşayan bibisi oğlu, 23 yaşlı Cavid Muxtarova bıçaqla xəsarət yetirib. Cavid Muxtarov xəstəxanaya aparılarkən yolda ölüb.
Rayonun polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Şabran rayon sakini Rəmiş İsmiyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, qohumlar arasında mübahisə qız üstündə yaranıb.
Belə ki, hadisə günü Cavid Muxtarov dayısıoğlu, həmyaşıdı Rəmiş İsmiyevlə kirayədə qaldıqları evdə yeyib-içəndən sonra mübahisələri düşüb və Rəmiş ona bıçaqla xəsarət yetirib.
İki qohum arasında mübahisə internetdə tanış olduqları qız üstündə düşüb. Gənclərin hər ikisi həmin qızla görüşmək istəyib. Cavid Muxtarov geyinib və görüş üçün qapıdan çıxmaq istəyərkən dayısı oğlu ona mane olub və bıçaqla zərbə vurub. Xəstəxanaya aparılarkən Cavid Muxtarov yolda ölüb.
Qeyd olunur ki, həm Cavid Muxtarov, həm də Rəmiş İsmiyev subay olublar. Onlar paytaxta fəhləliklə məşğul olublar.
İstintaq orqanı tərəfindən Rəmiş İsmiyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Hazırda Suraxanı rayon Prokurorluğunda istintaq davam edir.