“Azərbaycan bəyan etdi ki, dənizin dibinin orta xətt üzrə bölünməsini dəstəkləyir”
“Həştərxanda keçirilən 4-cü Xəzər sammiti birgə əməkdaşlığa böyük töhfədir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov bildirib.
Onun sözlərinə görə, sözügedən sammitdə Xəzər dənizinin statusunun müəyyən olunması üçün sahilboyu dövlətlərin xoş niyyəti və əməkdaşlıq imkanları bir daha təsdiq olundu:
“Azərbaycan həmişə Xəzərin sülh və əməkdaşlıq dənizi olmasını bəyan edib. Rəsmi Bakı dənizin ədalətli bölünməsinin və su səthinin birgə istifadə olunmasının tərəfdarı kimi çıxış edib. Sammitdə müzakirə mövzusu olmuş bəzi detallar bir daha nəzərdən keçirildi. Azərbaycan bəyan etdi ki, dənizin dibinin orta xətt üzrə bölünməsini dəstəkləyir. Bununla yanaşı sammitdə dənizin unikal mühitininin qorunması, Xəzərin bioloji müxtəlifliyi ilə bağlı aparılmış müzakirələr də son dərəcə aktual idi. Dövlət başçılarının imzaladığı sazişlərdə dənizdə tərəfdaş olan ölkələrin birgə işini koordinasiya edən qurumun yaradılması da diqqətçəkən fakt oldu. Birgə bəyanatda əks olunan digər tezis sahilyanı dövlətlərin bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə hörmət olunmasının vacibliyi haqqında bənddir. Prezident İlham Əliyevin sammitdəki çıxışı rəsmi Bakının Xəzərin statusu ilə bağlı Azərbaycanın tutduğu mövqeyinin dəyişməz olduğunu bir daha nümayiş edirdi”.
Deputat Moskvada Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının (AMOR) 5-ci konfransında iştirakına da toxunub:
“Moskvada “AMOR: dialoq və fəaliyyət” adlanan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyeva, Moskvadakı səfirimiz Polad Bülbüloğlu, Rusiya Dövlət Dumasının, Federasiya Şurasının, Moskva hökumətinin nümayəndələri və Rusiyanın ali məktəblərində oxuyan tələbələr iştirak edirdi. Leyla xanım öz çıxışında AMOR-un 7 illik fəaliyyəti dönəmində həyata keçirilən tədbirlər barədə danışdı. Qeyd edim ki, təşkilatın məqsədi azərbaycanlı gəncləri birləşdirmək, onların rus cəmiyyətinə inteqrasiyasına kömək etmək, onların ideyalarını dəstəkləməkdir.
Hazırda Rusiyada AMOR-un 70 regional şöbəsi fəaliyyət göstərir. Təşkilatın hədəfləri çox şaxəlidir. Məsələn, AMOR 3 ildir ki, ətraf mühiti qorumaq üçün İDEA adlı kampaniya aparır. Bunun üçün müxtəlif sərgilər, tədbirlər keçirir, filmlər çəkir. Çox xoşdur ki, AMOR-un dəvəti ilə rus tələbələr Azərbaycana gəlir, bizim mədəniyyətlə yaxından tanış olurlar. Konfransda vurğulandı ki, AMOR-un əsas hədəflərindən biri tolerantlıqdır. Tolerantlıq Azərbaycan mədəniyyətinin bir normasıdır və dünyada çox az belə nümunələr var. AMOR Rusiyadakı azərbaycanlı gəncləri birləşdirməkdə çox böyük rol oynayır. Çox böyük iftixar hissi ilə vurğulandı ki, gələn il Bakıda 1-ci Avropa Olimpiya Oyunları keçiriləcək, 2016-cı ildə isə Şahmat Olimpiadası baş tutacaq. Bütün bunlar ölkəmizin gücünün və etimadının bariz təcəssümüdür. Azərbaycan dövləti hər zaman ölkədən kənarda fəaliyyət göstərən gənclər təşkilatlarını dəstəkləyib. Bu baxımdan AMOR-un həyata keçirdiyi bütün tədbirlər Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətinə söykənir”.
Kəmalə