4 İyun 2020 13:04
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dəhşətli qətl hadisəsi törətməkdə təqsirli bilinən Xəyal Bayramov və onun qardaşı Tuqay Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 5-nə təyin edilib.

İttihama görə, ötən il noyabrın 23-də Nərimanov rayonu, Nurəddin Süleymanov küçəsində tikinti çuxurunda 1964-cü il təvəllüdlü Adəm Abdullayevin yanmış cəsədi aşkar edilib.

Cəsədin müayinəsi zamanı patoloq-anatomlar çoxlu sayda bıçaq yarası qeydə alıblar. İsti izlərlə Gəncə sakini, əvvəllər Cinayət Məcəlləsinin 333-cü maddəsi (Hərbi hissəni icazəsiz tərk etmə) ilə məhkum edilmiş 1986-cı il təvəllüdlü Tuqay Bayramov saxlanılıb.

Qətldən bir müddət əvvəl Adəm Abdullayev və Tuqay Bayramov birlikdə spirtli içki qəbul ediblər.

Buna görə, onlar yaxınlıqdakı apteklərin birindən tibbi spirt alıblar. Alkoqol qəbulundən sonra kişilər arasında münaqişə baş verib - sərxoş içki yoldaşları bir-birini təhqir etməyə başlayıblar.

Nəticədə nizamsız həyat tərzi sürən Tuqay Bayramov yoldaşını bıçaqlayıb. Daha sonra Tuqay Bayramov meyiti çuxura qədər sürüyərək orada yandırıb. İstintaq nəticəsində məlum olub ki, cinayət şəxsi mənfəət məqsədilə törədilib. Çünki Tuqay Bayramov plastik butulkalar toplayaraq, onları Adəm Abdullayevə satmaqla pul qazanırmış.

Alıcısının pulu olduğunu bilən Tuqay Bayramov onu öldürməyi planlaşdırıb. Cinayət hadisəsindən sonra qatil qurbanından min manat və bank kartları oğurlayıb.

Cəsəddən qurtulmaq üçün Tuqay Bayramov qardaşı Xəyal Bayramova kömək üçün müraciət edib. Onlar birlikdə meyiti çuxura doğru sürüyərək orada yandırıblar.

Cinayətin ikinci iştirakçısı da tutulub.

İstintaq orqanı tərəfindən Tuqay Bayramov və Xəyal Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.


Müəllif: Hacı Zeynalov