Abşeron rayonu Qobu və ətraf qəsəbələrdə ayrı-ayrı vətəndaşlara məxsus fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu 28 May qəsəbəsində yaşayan Elçin Əhmədov və Yusif Əsgərov tutularaq istintaqa təqdim olunublar.
Bu şəxslər ifadələrində təkcə Abşeron rayonunun kənd və qəsəbəbələrində 60-a yaxın evdən pul, məişət və qızıl-zinət əşyaları oğurladıqlarını bildiriblər.
Elçin Əhmədov və Yusif Əsgərovun “fəaliyyəti” bununla da yekunlaşmayıb.
Onlar paytaxtın Qaradağ, Binəqədi və Suraxanı rayonlarında da 20-yə yaxın evdən oğurluq etdiklərini etiraf ediblər.
Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar araşdırlması üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Saxlanılan şəxslərin ətraflarında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.