13 Oktyabr 2014 12:24
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əhliman Abbas tutduğu postdan istefa verdiyini açıqlayıb.

Sentyabrın 27-də Müsavatda keçirilən başqanlıq seçkisində başqanlığa keçmiş namizəd Qubad İbadoğlunu dəstəkləyən Ə.Abbas partiya rəhbərliyinin atdığı addımların onu qane etmədiyini vurğulayıb.

O, partiyadan ayrılmaqla bağlı qərarını belə əsaslandırıb: “Partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində Müsavatda hər hansı normal siyasi fəaliyyətin davam etdirilməsi praktik olaraq mümkünsüz vəziyyətə düşüb. Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya, səmərəsiz gərginliklərə meylli davranışlarının nəticəsi olaraq vaxtilə nəhəng bir partiya olan Müsavat bir xeyli ziyalı, nüfuzlu insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını yaşayır. Bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik nöqtəsi partiyanın 8-ci qurultayı ərəfəsində baş verdi. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi açıq, ya da gizli şəkildə sosial şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən böhtanla, təhqirlərlə, hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa çalışırlar. Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu adamların partiya rəhbərliyini ələ keçirməsilə sıraladığım siyasi xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən faktorlardan biridir”.

O iddia edib ki, Müsavatın idarəçiliyini aparan şəxslər partiyanı prinsipial müxalifətçilik mövqeyindən sapdırır: “Mən öz şəxsi mənafeyim naminə heç zaman mənə inanan, mənə güvənərək sədrlik səlahiyyəti verən dostlarımı kiminsə biznesi xatirinə qurban vermərəm. Xoşagəlməz faktorla partiya içində qalaraq mübarizə apara bilərdim, bəlkə də mütərrəqqi insanlarla birlikdə bu prosesin qarşısını da ala bilərdik. Ancaq hesab edirəm ki, enerjimi, vaxtımı, Müsavatın dəyişməsinə sərf etməkdənsə, Azərbaycanın dəyişməsi uğrunda aparılan mübarizə naminə xərcləməyim daha faydalı olar”.

Ə.Abbas bir neçə qeyd etmişdi ki, Arif Hacılının iştirakı ilə gizli bir Facebook qrupu formalaşıb və burada partiyanın kənarda qalan üzvləri ən ağır formada söyüşlərlə təhqir edilir.
O, 9 nəfərin Müsavatdan istefa verdiyini demişdi.

“İşləməyi bacarmadı”

İsa Qəmbərin keçmiş müşaviri, yeni başqan Arif Hacılının tərəfdarı Səxavət Soltanlı MGT sədrinin bu bəyanatına münasibət bildirib. O, Gənclər Təşkilatının sədr postuna seçkilər zamanı Ə.Abbası layiqli bildiyi və tövsiyə etdiyinə görə peşman olduğunu dilə gətirib:

“Müsavat Partiyasından, müsavatçılardan üzr istəyirəm! Bu üzrhaxlığıma səbəb, Əhliman Abbaslını Müsavat Gənclər Təşkilatının sədri kimi gənclərə tövsiyə etməyim və bu təklifimin sonradan səhv olduğunu başa düşməyimdir. Səhvimi xeyli əvvəl, Əhliman seçildikdən bir qədər sonra görürdüm, son ana qədər çalışırdım ki, düzəlsin, yetişsin, amma alınmadı. Nə o işləməyi bacardı, nə də mən ona düz yolu izah edə bilmədim. Buna görə hər birinizdən üzr istəyirəm.

O zaman fikirləşdim ki, bu gəncin xaricdə təhsil alması, daha gənc olması MGT-yə daha çox fayda verəcək. Amma gözlədiyimin əksinə oldu, O seçiləndən dərhal sonra şübhəli hərəkətləri ilə məni və dostları məyus etməyə başladı”.

“Gəncləri intriqaya çəkməyə çalışdı”

Onun sözlərinə görə, 11 aylıq sədrliyi dövründə Ə.Abbas nəinki uğurlu, əksinə zərərli fəaliyyət göstərib: “MGT-nin ənənəvi iclaslarını vaxtlı-vaxtında keçirmir, Müsavat Partiyasının təşkil etdiyi tədbirlərə belə gəlmir, gələndə isə tədbirlərin sonunda gəlməklə, məsuliyyətsizliyi ilə məni və dostları məyus etməkdə davam edirdi. Əvvəlcədən razılaşmamıza baxmayaraq, gəncləri intriqaya çəkməyə çalışdı. Qurultay mövzusunda MGT-nin tərəfsizlik edəcəyini razılaşsaq da, bu razılaşmanı pozdu. Səhvlər o qədər çox idi ki, səmimi təşəbbüsüm faktiki olaraq Müsavat Partiyasına qarşı xəyanət görüntüsü almağa başladı”.

“Onun “pis oğlan” olmasını Arif Hacılını dəstəkləməməsindən sonra kəşf etdiniz?”

Rövşən Murad adlı Facebook istifadəçisi S.Soltanlıya sual ünvanlayıb: “Əhliman Abbaslının “pis oğlan” olmasını Arif Hacılını dəstəkləməməsindən sonra kəşf etdiniz? Müsavat sizin şəxsi mülkünüz deyildi ki, tanımadığınız kimlərisə sədr seçdirib partiyaya ziyan vurasınız”.

Elman Fəttah da etiraf edib ki, onu və Yadigar Sadıqovu Ə.Abbaslının sədrlik məsələsində S.Soltanlı razılığa gətirib.

“Partiyanın gələcəyinə acıyıram”

Əhliman Abbasın istefasına başqanlığa keçmiş namizəd Qubad İbadoğlu da münasibətini açıqlayıb. O söyləyib ki, Əhliman Abbasın Müsavata gəlməsində onun rolu olsa, partiyadan getməsini heç vaxt arzulamayıb: “O, Azərbaycan Dövlət İqtisad Universitetində xüsusi istedadlar qrupunda bakalavr, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Belə gəncləri müxalif mövqedə olan siyası partiyalarda barmaqla saymaq olar. O, xaricdə təhsil alıb vətənə qayıdanda digər seçimlərə malik olsa da, karyera və mənafe ardınca getmədi, başqalarından fərqli olaraq yenə də Müsavata gələrək, yoluna davam elədi. Debütü də pis olmadı, ilk dəfə qoşulduğu seçkilərdə gənclərin böyük əksəriyyətinin səsini qazandı və üzərinə böyük məsuliyyət götürdü. Düşünürəm ki, bəlkə də o bu məsuliyyəti üzərinə götürməsəydi, hazırda belə qərar verməzdi. Çünki onun məlum qərarı üzərindəki məsuliyyətdən, yalnız özünün yox, daha çox ətrafında olan gənclərin qarşısında götürdüyü öhdəlikləri indiki şərtlər daxilində yerinə yetirə bilməyəcəyi narahatçılığından irəli gəlir. Onlar yeni dönəmdə partiyanın idarəçiliyində təmsil olunmaq və potensiallarını daha yaxşı reallaşdırmaq əzmində idilər. Məhz ona görə də gənclərin son qurultaydan gözləntiləri çox idi. Çox təəssüf ki, onu və onun kimi digər müasir dünyagörüşlü və azadfikirli gəncləri partiyada saxlaya bilmirik. Mən onun partiyadan getməsinə, nəinki təəssüflənirəm, həm də partiyanın gələcəyinə acıyıram”.

Qeyd edək ki, Ə.Abbas ötən il MGT-nin sədr postuna seçki zamanı Rüfət Hacıbəyliyə qalib gəlib. Sözügedən seçki qalmaqalla yadda qalmışdı. Birinci turda Cavid Hacıbəyli ilə Rauf Məmmədli yarışsa da, seçkinin nəticələri ləğv olunmuş və növbəti seçkidə Ə.Abbasla R.Hacıbəyli üz-üzə gəlmişdi.

Ə.Abbasın qalibiyyəti qarşı tərəfdə birmənalı qarşılanmamış Ə.Abbasın təyinatla sədr postuna gətirildiyi iddiaları irəli sürülmüşdü. Hətta Ə.Abbasın MGT-yə gətirilməsinin Arif Hacılının proyekti olduğunu iddia olunurdu. Amma qurultay göstərdi ki, Ə.Abbas Qubad İbadoğlunu dəstəkləyir və qurultayın nəticəsindən razı qalmayanlar sırasında o və tərəfdarları da var.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər