16 Oktyabr 2014 17:59
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbi Bəhramov: “Beynəlxalq konfransda Qarabağ həqiqətləri geniş müzakirə olundu”

Bu yaxınlarda Türkiyənin Ərzurum şəhərində “Qafqaz cəbhəsi Birinci dünya müharibəsi illərində” adlı beynəlxalq konfrans keçirilib. Konfransda AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun başçılığı ilə institutun nümayəndə heyəti də iştirak edib.

Teleqraf.com-un məlumatına görə, bunu institutun direktor müavini Cəbi Bəhramov bildirib.

Konfransın Birinci dünya müharibəsinin 100 illiyinə həsr olunduğunu deyən C.Bəhramov qeyd edib ki, bu müharibənin başlamasının əsas səbəblərindən biri də Azərbaycan neftinin ələ keçirilməsi istəyi olub. Onun sözlərinə görə, tədbirdə o dövrün hadisələrinə geniş tarixi baxış keçirilib: “Ermənilərin o illərdə Azərbaycan torpaqlarına köçürülməsi, böyük dövlətlərin neftimizə olan marağı, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi, xalqımıza qarşı daşnaklar tərəfindən soyqrımı cinayəti və sair məsələlər haqqında da müzakirələr oldu. Azərbaycanın tarix elmi o səviyyədədir ki, artıq bizim təklif etdiyimiz konsepsiyalar beynəlxalq tədbirlər çərçivəsində qəbul olunub. Bilirsiniz ki, prezident İlham Əliyev Qarabağ həqiqətləri ilə əlaqədar Azərbaycan tarixçiləri qarşısında vəzifələr qoyub. Ona görə də, biz tarixi həqiqətlər, Qarabağın tarixi, erməni məsələləri ilə əlaqədar yeni elmi əsərlər hazırlayırıq. “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin şimali Azərbaycan torpaqlarına köçürülməsi” əsəri, Qarabağ, xalqımıza qarşı ermənilərin törətdiyi soyqırımı ilə bağlı nəşr olunan əsərlər dövlət başçısının bu çağırışlarına cavab olaraq ərsəyə gəlib. Bu məsələlər Türkiyədə keçirilən konfransda da tərəfimizdən xüsusi olaraq vurğulanıb. Həmin konfransda bu məsələlər müzakirələrdə ön planda idi. Türkiyədə təşkil olunan konfransda biz Birinci dünya müharibəsi illərində şərqi Anadoluda Azərbaycan əsilli əhalinin ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsinin də geniş araşdırılması təşəbbüsünü irəli sürdük. Çünki hazırda Türkiyə elmi ictimaiyyətində bu məsələyə az diqqət yetirildiyini müşahidə edirik”.

Bütövlükdə, konfransın uğurla keçdiyini deyən C.Bəhramovun sözlərinə görə, bu tədbir gələn il qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı keçirilə biləcək addımlara qarşı qabaqlayıcı addımlardan biridir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər