Mərkəzi Seçki Komissiyasının bu günkü iclasında qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar İşçi Qrupu yaradılıb.
Teleqraf.com xəbər verir ki, MSK katibi Arifə Muxtarova qrupla bağlı məlumat verib.
O, bildirib ki, İşçi Qrupu imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlayacaq.
İşçi Qrupunun yaradılması ilə bağlı təklif MSK sədri Məzahir Pənahov tərəfindən səsverməyə çıxarılıb və əksəriyyətin razılığı ilə müvafiq qərar qəbul olunub.
Qərardan sonra qarşıdakı planlarla bağlı bəzi məsələlər müzakirə olunub. MSK sədri bildirib ki, qurum üzvləri Seçki Məcəlləsi ilə bağlı fikir bildirərkən diqqətli olmalıdırlar: "Xüsusilə də yaradılan qruplara elə üzvlər seçmək lazımdır ki, onlar təcrübəli şəxslərdən, o cümlədən MSK-nın əsas heyətində təmsil olunan şəxslərdən ibarət olsun".
Tədbirin sonunda Məzahir Pənahov, bəzi problemlərlə bağlı MSK üzvlərinə iradlarını çatdırıb.
Səxavət