30 Dekabr 2020 00:14
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli fəal Siyamək Mirzayi İran polisi tərəfindən Ərdəbil şəhərində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Agentliyi (HRANA) məlumat verib.

Məlumata görə, fəal dünən Ərdəbil şəhərindəki evində saxlanılıb və naməlum istiqamətə aparılıb.

Mirzayinin tutulmasının səbəbi barədə məlumatın olmadığı bildirilib.

Güney Azərbaycan türklərinin ana dilində təhsil almaq və digər konstitusion haqlarını müdafiə edən 40 yaşlı Mirzayi bundan əvvəl 2016-cı il iyulun 14-də həbs edilib.

O, İran İnqilab Məhkəməsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq üçün qruplaşma yaratmaq” ittihamı ilə 10 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Tehran Apellyasiya Məhkəməsi qərarı 3 il həbs, 1 il sürgün olaraq dəyişdirib.

Üç illik cəzasının bitməsinə iki gün qalmış “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə üzləşən Mirzayi 16 günlük aclıq aksiyasına başlamışdı.

Müvəqqəti olaraq sərbəst buraxılan Mirzayi yuxarıda göstərilən ittihamlarla aldığı 1 il 10 gün həbs cəzasına etiraz edib, lakin Tehran Apellyasiya Məhkəməsi hökmü dəyişdirməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər