22 Oktyabr 2014 15:33
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam Mahmudov: “Onlara Allahdan şəfa diləyirəm”

Ötən gün AXCP sıralarından istefa verən keçmiş döyüşçü İslam Mahmudov uzun illər təmsil olunduğu partiya haqqında fikirlərini açıqlayıb. Keçmiş cəbhəçi Teleqraf.com-a partiyadan istefa verdiyini təsdiqləyib və bunun səbəblərini qeyd edib:

“Mənim narazılığım partiyada gedən bəzi kampaniyalaradır. Neçə illərdir, bu təşkilatı yaradanlar, oradan əziyyət çəkənlər hansısa səbəblərdən artıq gediblər. Mən partiyada dedim ki, bu adamlara qarşı kampaniyanı yığışdırın. Deməli, kim partiyadan gedirsə, hamısına xəyanətkar damğası vurulur, satqın olduğu elan olunur. Ancaq elə adam var ki, səhhətinə və ya işinə görə istefa verib. İnsanlar əziyyət çəkiblər, partiyanı bu yerə qədər gətiriblər. İndi kimlərsə gəlib rahat əyləşib, içlərində də 3-5 nəfər səviyyəsiz ağzına gələni danışır. Mən də bəyanatımda yazdığım kimi, düşünürəm, ya bu səviyyəsizlərin ağzını yığmaq lazımdır, ya da biz burada ola bilmərik. Bu narazılığımı sədr olmasa da, rəhbərlikdə olanlara demişdim, eləcə də, sosial şəbəkələrdə qeyd etmişdim. Elə adam var ki, istefa verərək gedib evində oturub. Ancaq onları satqın adlandırırlar. Bu, qəbuledilməzdir”.

İslam Mahmudov bildirib ki, artıq onun özü ilə bağlı da müəyyən fikirlər səsləndirilir: “Məni tanımadıqlarını, pul alıb istefa verdiyimi yazırlar. Bunu edənlər eyni şəxslərdir, hansı ki, əvvəllər istefa verənlər haqqında da analoji fikirlər səsləndiriblər. Mən onlara Allahdan şəfa diləyirəm”.

Özünün gələcək fəaliyyətinə toxunan müsahibimiz deyib ki, heç bir partiyaya keçmək niyyətində deyil: “Əksər partiyalarda da eyni vəziyyət hökm sürür. Mövzu, ssenari birdir. Odur ki, başqa partiyaya keçməyin mənası yoxdur”.

İslam Mahmudov qeyd edib ki, vaxtilə AXCP-də Müsavata qarşı başladılan piar kampaniyasına kəskin etiraz edib: “AXCP öz dəyərlərini qorumalı idi. Uzun illər bir yolu keçən AXCP və Müsavatın müharibəsi demokratiyaya zərbə idi. Bunu görən insanların partiyalara inamı itir və bu proses də güclənir. Bu partiyalarda rəhbərliyə daxil olanlar arasında 3-4 nəfər var, işləri ancaq söymək, təhqir eləməkdən ibarətdir. Belə şeylər də adamı iyrəndirir. Mən istefa verəndən sonra bəzi şəxslər mənimlə əlaqə saxlayıb, mən də istefamın səbəblərini demişəm. Ancaq partiya rəhbərliyinə daxil olan şəxslər əlaqə saxlamayıb. Hətta elan ediblər ki, məni tanımırlar. Heç tanıya da bilməzlər. Tanınmaq üçün söyüş söymək, sədrin qapısını kəsmək lazımdır. Belə baxıram ki, indi tanınmaq üçün fəaliyyət lazım deyil, gedib kiminsə qapısında gözləmək lazımdır”.

İslam Mahmudov qeyd edib ki, Qarabağ müharibəsi zamanı könüllü hərbi xidmətə gedib, sıravidən bölük komandiri vəzifəsinə qədər yüksəlib:

“Əlbəttə, biz döyüşçülərin haqqı yoxdur ki, durub deyək ki, əlimizə silah alanda siz harada idiniz. Nə qədər ki, torpaqlarımız işğaldadır, biz bunu deyə bilmərik. Mən nə partiyaya daxil olanda, nə də əlimə silah alanda, bunu tanınmaq naminə etməmişəm. Mən hərəkat başlayanda Cəbhənin üzvü olmuşam, Qubadlı təşkilatında fəaliyyətim olub. Bu yola rəhmətlik Əbülfəz Elçibəyin ideyaları ilə başlamışam, onun yolu ilə getmişəm. Kimsə sonradan partiyaya gəlibsə, qrup yaradıbsa, hansısa məqsədlər güdübsə, bu, onların öz işidir. Mən həmişə öz yolumda olmuşam”.

Sonda sabiq cəbhəçi deyib ki, əgər ona qarşı ittihamlar davam etdirilsə, bunu edənlərə yalnız şəfa diləyəcək.

Cavidan


Müəllif:

Oxşar xəbərlər