PA-nın şöbə müdiri: “Torbyorn Yaqlandın məqaləsində əks olunmuş bəzi iddiaların heç bir əsası yoxdur”
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəsmi dövlət informasiya agentliyi – AzərTAc-a müsahibə verib. Teleqraf.com müsahibəni təqdim edir.
– Əli müəllim, Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandın “The Guardian” nəşrində dərc olunmuş məqaləsində Azərbaycanda insan hüquqlarının vəziyyəti, məhkəmə sistemi tənqid olunub, eyni zamanda Azərbaycan Prezidentinin son əfv fərmanı, məhbusların məsələləri ilə bağlı İşçi Qrupun yaradılması və digər addımlar bu problemlərin həll olunacağına müəyyən ümidlər yaratdığı vurğulanıb. T.Yaqlandın mövqeyinə münasibətinizi bilmək maraqlı olardı.
– Azərbaycan demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib və bunu heç kim inkar edə bilməz. İstər demokratik cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, istərsə də məhkəmə-hüquq sistemində demokratik islahatların həyata keçirilməsi baxımından Azərbaycan Avropa Şurasına üzv dövlətlərin heç birindən geri qalmır. Beynəlxalq standartlara uyğunlaşdırılmış Azərbaycan qanunvericiliyi vətəndaş cəmiyyətinin davamlı inkişafına, söz və məlumat, sərbəst toplaşmaq azadlığına, insan hüquqlarının səmərəli müdafiəsinə tam təminat verir. Bildiyiniz kimi, Azərbaycanda üç pilləli məhkəmə sistemi mövcuddur, ölkəmiz Avropa Şurasının üzvü kimi İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurusduksiyasına daxildir. Dünya təcrübəsinə nəzər salsaq, aydın görə bilərik ki, indiki zamanda bu, insan hüquqlarının müdafiəsini təmin edən ən mükəmməl mexanizmdir.
Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasında aktiv fəaliyyəti, təşəbbüskarlığı, prinsipial mövqeyi ilə seçilir, qarşısında duran bütün vəzifələri, öhdəlikləri yerinə yetirir. Biz Avropa Şurasını xarici əlaqələrimizi inkişaf etdirmək, üzv dövlətlərlə səmərəli əməkdaşlıq yolu ilə mövcud potensialımızı daha da gücləndirmək, formalaşmış beynəlxalq münasibətlər sisteminin möhkəmlənməsinə töhfəmizi vermək, ümumavropa proseslərinin fəal iştirakçısı olmaq, həmçinin milli maraqlarımızı müdafiə etmək və haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaq istiqamətində platforma, tribuna kimi qiymətləndiririk. Haqlı olaraq həm Avropa Şurasının rəhbərliyindən, həm də üzv dövlətlərdən Azərbaycana qarşı adekvat münasibət gözləyirik.
Nə qədər məyusedici olsa da, bildirməliyəm ki, bir sıra hallarda Avropa Şurası da daxil olmaqla bəzi nüfuzlu beynəlxalq qurumlar ayrı-ayrı qüvvələrin üzv ölkələrə təsir və təzyiq mexanizmi funksiyasını yerinə yetirirlər. Qondarma “siyasi məhbus” məsələsinin süni şəkildə qabardılması, əsassız, qeyri-obyektiv iddialarla Azərbaycanı ləkələmək cəhdləri həm Avropa Şurası çərçivəsində əməkdaşlıq mühitinə zərbə vurur, onu öz missiyasının icrasından yayındırır, həm də bu təşkilata olan etimadı sarsıdır. Hesab edirəm ki, Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandın məqaləsində əks olunmuş bəzi iddialar müəyyən anti-Azərbaycan qüvvələrin təsirinin nəticəsidir və heç bir əsası olmayan subyektiv mülahizələrdən başqa bir şey deyil.
Xatırlatmaq istərdim ki, nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun aliliyini əsas götürürlər. Buna görə də, müəyyən maraqlara hesablanmış bəyanatlar, açıqlamalar, müsahibələr, habelə müxtəlif təsir və təzyiq metodları ilk növbədə hüququn aliliyinə hörmətsizlik kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, hansısa bir ölkənin İnsan Haqları üzrə Avropa Məhkəməsindən çıxmaq təşəbbüsünün qarşısını almaq üçün bu prosesə heç bir aidiyyəti olmayan digər bir ölkəyə hücum təşkil etmək, bunun üçün qondarma səbəblər göstərmək cəhdini sağlam məntiqlə izah etmək mümkün deyil. Cənab Yaqlanda məsləhət görərdik ki, Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsindən çıxmaq istəməsi problemini ya Avropa Məhkəməsində, ya da Böyük Britaniyanın özündə axtarsın.
Görünür kənar qüvvələrin təzyiqi altında ayrı-ayrı üzvlərə təşkil olunan əsassız hücumlar, bütün çərçivələri aşan ikili standartlar, qərəzli iddialar Böyük Britaniya kimi demokratik ənənəyə malik bir ölkənin də Avropa Şurasına və Avropa Məhkəməsinə etimadını azaltmışdır ki, o, belə radikal addım atmaq niyyətini ortaya qoyub.
Cənab Yaqland haqlı şəkildə bildirir ki, Avropada milli azlıqların hüquqlarının, ifadə azadlığının və məhkəmə sisteminin eroziyası müşahidə olunur. Həqiqətən də, Azərbaycan bir çox Avropa ölkələri ilə müqayisədə milli, dini və insan hüquqlarının müdafiəsi baxımından kifayət qədər tolerant ölkədir və bir növ model rolunda çıxış edə bilər. Hesab edirəm ki, Avropada mövcud durumun səbəblərini ciddi araşdırmaq əvəzində günahı gənc demokratiyaların üzərinə atmağa çalışmaq çox bəsit və vəziyyəti daha da mürəkkəbləşdirən yanaşmadır. Cənab Yaqlandı bu problem üzərində daha dərindən düşünməyə dəvət edirik.