25 Noyabr 2021 10:43
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat keçirilib və nəticədə 4 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat yayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb.

Həmin şəxsin icarəyə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Etibar Mirzəməmmədov və Bakı şəhər sakini Ənvər Aslanov saxlanılıblar.

Həmin şəxslərin yaşadığı evə və üzərlərinə baxış keçirilən zaman bükülülərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə Sumqayıt şəhərində qeydiyyatda olmaqla Quba rayonunda kirayədə yaşayan Firudin Əliyev saxlanılıb.

Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov