"Müsavatda Siyavuş Novruzovun sifarişini yerinə yetirən ayrı-ayrı adamlar ola bilər, amma..."
Müsavat Partiyasının başqanı Arif Hacılı partiya Divanının Səxavət Əlisoyu partiya üzvlüyündən xaric etməsi və bundan sonra Əlövsət Talışxanlı ilə Hikmət Hacızadənin istefa verməsinə münasibət bildirib. A.Hacılı müsavat.com-a açıqlamasında bunları deyib:
“Demokratiya həm də qanunun aliliyi deməkdir. Biz Müsavat Partiyasının hər bir üzvünün mövqelərinə hörmətlə yanaşırıq, seçkilərdə azlıqda qalanların da fikirlərini dinləyirik. Amma Müsavat Partiyasının qəbul etdiyi ümumi qərarları, Müsavat Partiyasının seçkili orqanlarının qərarlarını tanımamaq, Müsavat Partiyasının qurultayının, Məclisinin, Divanının qəbul etdiyi qərarları nəzərə almamaq, partiya strukturlarının dəvətinə məhəl qoymamaq Müsavat Partiyasının nizamnaməsi ilə bir araya sığmır. Ona görə biz bu məsələləri müzakirə edərək müəyyən qərarlar qəbul etmişik. Hesab edirəm ki, bundan sonra da demokratik prinsiplərə tam şəkildə əməl olunacaq, Müsavat Partiyası nizamnaməsinə uyğun olaraq hər kəsin öz fikirlərini azad şəkildə ifadə etməsinə şərait yaradılacaq, plüralizm şəraiti qorunacaq və qanunun aliliyi prinsipi əsas götürülərək partiyanın strukturları nizamnaməyə uyğun olaraq öz fəaliyyətini davam etdirəcək. Partiyadan istefa verən şəxslərə gəldikdə isə, mən əvvəl də demişəm, indi də bu fikrimi təkrar edirəm ki, hər bir partiya üzvü bizim üçün əzizdir. Biz heç kəsin Müsavat Partiyasını tərk etməsini istəmirik. Ancaq o adamlar kifayət qədər yetkin, uzun müddət siyasətlə məşğul olmuş şəxslərdir və yəqin ki, belə qərarlar verərkən əvvəlcədən bu qərarların üzərində ətraflı düşünüblər”.
A.Hacılı YAP-çı deputat Siyavuş Novruzovun Müsavatdakı narazıları müdafiə etməsinə və “ya qurultay keçirilməlidir, ya da yeni Müsavat Partiyası yaranacaq” bəyanatına isə belə münasibət bildirib:
“Müsavat Partiyası onun seçkili orqanlarının qəbul etdiyi qərarlar əsasında idarə olunur. Müsavat Partiyasında qərarların qəbulunda kənardan sifarişlərin rolu ola bilməz. Siyavuş Novruzov bu məsələlərdə fəallıq göstərməsi sadəcə olaraq absurddur, həm də siyasi davranış baxımından etik olmayan davranışdır. Müsavat Partiyasında Siyavuş Novruzovun sifarişini yerinə yetirən ayrı-ayrı adamlar ola bilər, amma Müsavat Partiyasının Siyavuş Novruzovun sifarişi ilə idarə olunması qeyri-mümkündür”.
Müsavat başqanı partiyadan istefa verən Əlövsət Talışxanlının baş verənlərin, partiyadan xaric edilmələrin İsa Qəmbərin göstərişi ilə həyata keçirildiyini bəyan edib sabiq başqanı ittiham eləməsinə isə belə münasibət bildirib:
“Hesab edirəm ki, partiya üzvlərinin davranışları ilə əlaqədar müzakirələrin İsa Qəmbərə aid edilməsinin heç bir əsası yoxdur. Çünki bu qərarlar partiyanın müxtəlif strukturlarında, rayon təşkilatlarında, MNTK-da və partiyanın Divanında verilir. İsa Qəmbər bu qurumların heç birinin üzvü deyil”.
“Qubad İbadoğlunu və Vurğun Əyyubu da dinləmək üçün Divana dəvət olunması gözlənilirmi?” sualına A.Hacılı belə cavab verib:
“Müsavat Partiyasının strukturlarında yığıncaqlar açıq keçirilir. Kimin hansı iddiası, iradı, təklifi varsa, Müsavat başqanı olaraq mənə, partiyanın Divanına, Məclisinə bildirmək hüququna malikdir. Narazılara qaldıqda isə Müsavatda seçkilərin nəticələrindən narazı qalan adamların davranışları ümumiyyətlə müzakirə olunmur və müzakirə oluna da bilməz. Çünki Müsavat Partiyasının nizamnaməsinə görə partiyanın qəbul etdiyi qərarların əleyhinə təbliğat aparmaq nizamnamə pozuntusu sayılmır. Yalnız bir neçə partiya üzvünün partiya nizamnaməsini və partiya proqramını kobud surətdə dəfələrlə pozduğu üçün onlar barədə müəyyən intizam tədbirləri görülüb. Ümid edirəm ki, partiya üzvləri müvafiq partiya strukturlarının qəbul etdiyi bu qərarları anlayışla qarşılayacaqlar”.