Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ərazilərdə güclü külək müşahidə olunub.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, güclü küləyin təsirindən bir sıra fəsadlar meydana çıxıb.
Bununla bağlı nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz təhlükəsizlik tədbirləri görülüb.
Belə ki, güclü küləyin təsirindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən beşmərtəbəli binanın dam örtüyündə dəmir navalçanın qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olmuş məlumat əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər binanın dam örtüyündən qoparaq asılı vəziyyətdə qalmış uzunluğu təqribən 3 metr olan dəmir navalçanı götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.
Bundan başqa, Bakı şəhəri, Xətai rayonunda onaltımərtəbəli binanın dam örtüyündə dəmir lövhənin, Suraxanı rayonu, Bülbülə qəsəbəsində isə beşmərtəbəli binanın fasad üzlüklərinin qoparaq ətrafdakı insanlar üçün təhlükə yaratması barədə daxil olan məlumatlara əsasən operativ olaraq cəlb edilən XRXX-nin xilsediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.