Bakıda tanışlarının etibarından sui-istifadə edərək 5 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunan Orxan Ağayevin məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.
Orxan Ağayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Orxan Ağayev 20-dən çox adama iş qurmaq adı ilə yüksək qazanc vəd edib. O, özünü qurbanlarına turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik şəxs kimi tanıdıb.
Əməllərini törədərkən Dövlət Təhlükəsizliyi Xidmətinin adından da istifadə edib.
Zərərçəkmişlərə Bakı aeroportunda dostunun DTX əməkdaşı kimi işlədiyini və onun vasitəsilə AZAL-dan təyyarə biletlərini ucuz qiymətə alıb, baha qiymətə satacaqlarını bildirib.
Orxan Ağayev müxtəlif turizm şirkətləri ilə işlədiyini, Hacı adlı dostunun DTX-də çalışdığını və Hava Limanında biletləri və baqajları əvvəlcədən ucuz qiymətə ala bildiyini deyib.
Orxan Ağayev zərərçəkmişlərdən aldığı məbləğlərin bir hissəsini ilk aylarda guya qazanc kimi geri qaytarıb.
Sonra isə “pul bankdadır, çıxarmaq olmur” kimi bəhanələrlə onların pullarını qaytarmaqdan yayınıb.
İttihama əsasən, Orxan Ağayevin mənimsədiyi pulların ümumi məbləği 5 156 419 manat olub.
Onun ziyan vurduğu şəxslər sırasında sahibkarlar və dövlət qurumlarının vəzifəli şəxsləri də olub. Vətəndaşların şikayətləri əsasında o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Orxan Ağayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittihaç elan edilib.
İstintaq zamanı məlum olub ki, Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra “Ваnk Standart”da və “Kapital Bank”da işləyib.
2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı məsuliyyətə cəlb edilib.