Martın 29-da, saat 10 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə kirayədə yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ravil Baybəyov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.