2 Dekabr 2014 15:59
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsünün dekabrın 1-də Azərbaycan haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri yaydığı açıqlamada bildirib: “ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti barəsində səsləndirilmiş fikirlər obyektiv reallığı əks etdirmir və insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək və təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması təmin olunub. Azərbaycan Respublikası demokratik inkişafını ardıcıl surətdə davam etdirir və bu məsələdə kənar müdaxilə və “tövsiyələrə” ehtiyac yoxdur.

ABŞ-da irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında ABŞ cəmiyyətində qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sisteminin çatışmazlıqları, polis və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə və zorakılığın artması və digər sahələrdə ciddi problemlər mövcuddur. Ferqyuson və ABŞ-ın digər şəhərlərini bürüyən kütləvi etiraz aksiyalarının köklü səbəbləri və bu zaman müşahidə edilən zorakılıq bunu bir daha sübut edir.

Hesab edirik ki, ABŞ Dövlət departamentinin sözçüsü Azərbaycana münasibətdə qərəzli fikirlər yürütməzdən öncə bütün dünya ictimaiyyətinin hazırda ABŞ-da insan hüquqları sahəsində mövcud olan duruma münasibətdə artmaqda olan narahatlığına cavab verməlidir.

ABŞ isə beynəlxalq səviyyədə insan hüquqlarının “himayədarı” funksiyasında çıxış etmək kimi lüzumsuz iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər