10 Dekabr 2014 16:41
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ən böyük problemlərdən biri də MNTK -nın tərəf olmasıdır”

Müsavat Partiyasının başqanı Arif Hacılı ilə başqanlığa keçmiş namizəd Qubad İbadoğlu arasında təkbətək görüşdən sonra qarşılıqlı ittihamlar bir qədər səngiyib.

Partiyada başqanlıq seçkisinin nəticəsindən narazı qalan Q.İbadoğlu və tərəfdarları təkrar qurultay keçirilməsini tələb edirlər. Artıq növbədənkənar qurultayın çağırılması məqsədilə Təşəbbüs Qrupu yaradılıb və ona rəhbərliyi Qubad İbadoğlu həyata keçirir.

Bundan başqa Q.İbadoğlu partiyadan kənar Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı yaradıb. Arif Hacılının komandasının hərəkata ilk reaksiyası sərt olsa da, sonradan bunun nizamnaməyə zidd olmadığını açıqladılar.

Q.İbadoğlu Müsavatın hazırki durumundan şikayətçi olduğunu dilə gətirərək vəziyyəti dəyişmək üçün addımlar atacağını bəyan edirdi. Lakin ADR-in bəyannaməsində partiyanın daxili durumu barədə hər hansı bənd yoxdur.

“Məclisin iclasını gözləyirik”

O, Teleqraf.com-a açıqlamasında bildirdi ki, Müsavat Partiyasının işinin yenidən qurulması və fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyələr və barışıq naminə təkliflər paketinin reallaşmasını gözləyirlər: “Bu ay partiyanın Məclisi olacaq, ümid edirik ki, Məclisdə təkliflərimiz müzakirəyə çıxarılacaq və qəbul ediləcək. Bu da partiyadakı durumun yaxşılaşmasına gətirib çıxara bilər”.

Q.İbadoğlu əlavə etdi ki, hazırda ADR Hərəkatının təsis yığıncağının çağırılması məqsədilə Təşkilat Komitəsi formalaşdırılır: “Qərarı Təşkilat Komitəsi verəcək, təşəbbüs qrupu Hərəkatın nizamnaməsi və fəaliyyət proqramı üzərində işləyir. Təsis yığıncağına tələb olunan sənədlər paketi ilə getməyi planlaşdırırıq. Həmin sənədləri qəbul edəndən sonra fəaliyyətimizi proqram əsasında davam etdirəcəyik”.

“Sevinc Hüseynova öz sözünü danışmır”

O, Müsavatın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynovanın “zərurət yaranarsa MNTK-da Qubad İbadoğlu və Vurğun Əyyubun məsələsinə baxıla bilər” açıqlamasına da münasibət bildirdi: “Sevinc Hüseynova öz sözünü danışmır, rəhbərlərinin mesajını çatdırır. Elə bu da onu göstərir ki, hazırkı şəraitdə partiya üçün ən böyük problemlərdən biri də MNTK -nın tərəf olmasıdır. Müstəqil MNTK-sı olmayan partiyada belə bəyanatlar bizim üçün heç bir əhəmiyyət daşımır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər