Bu gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 9-cu mikrorayon, bina 71 ünvanında yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 75 m² olan üçotaqlı mənzilin eyvanında ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində 1991-ci il təvəllüdlü Babayev Cavanşir Yaşar oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Partlayış dalğasının zərbəsindən eyvanın lambirindən ibarət tavanı 4 m² sahədə dağılıb, aynabəndin pəncərə çərçivələri yerindən çıxıb və binanın həyətində olan “VAZ-2107” markalı avtomobilə ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Faktla bağlı araşdırma aparılır.