Xırdalan şəhərində iki qrup arasında baş verən silahlı insidentlə bağlı təqsirli bilinən şəxsə ittiham elan edilib.
Teleqraf.com xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində Səlçuq Osmanlının barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb.
Bundan başqa, hadisənin digər iştirakçıları Məmmədhüseyn Qurbanov, Tural Qurbanzadə və Səbuhi Əliyevun barəsində istintaq hərəkətləri davam etdirilir.
Rəsmi məlumata görə, Abşeron rayonunda iki qrup arasında yaranan mübahisə zamanı odlu silahdan istifadə edən şəxslər saxlanılıblar.
İttihama görə, Xırdalan şəhəri ərazisində odlu silahdan atəş açılması ilə bağlı Abşeron rayon Polis İdarəsinə məlumat daxil olub.
İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində müəyyən edilib ki, Xırdalan şəhər sakini Səlcuq Osmanlı tanışı Məmmədhüseyn Qurbanovla birlikdə əvvəlcədən etdikləri mübahisəni davam etdirmək məqsədi ilə Xırdalan şəhəri ərazisində Tural Qurbanzadə və Səbuhi Əliyevlə görüşüb.
Daha sonra Səlcuq Osmanlı üzərində olan odlu silahla həmin şəxslərə və onların olduqları “Toyota” markalı avtomobilə atəş açıb.
Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində odlu silahdan istifadə edən Səlcuq Osmanlı, həmçinin Məmmədhüseyn Qurbanov, mübahisənin digər iştirakçıları Tural Qurbanzadə və Səbuhi Əliyev saxlanılıblar.
Səlcuq Osmanlının yaşadığı evə baxış zamanı hadisə vaxtı istifadə etdiyi 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 1 ədəd daraq aşkar edilib.
Bundan əlavə hadisə yerindən 7 ədəd boş giliz də götürülərək ekspertizaya təqdim edilib.
Səlcuq Osmanlıdan aşkar edilən “Makarov” markalı tapançanın digər hadisələrdə istifadə olunub-olunmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.