Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının və Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir zamanı Ağstafa rayon sakini A. Adıgözəlovanın taksi ilə Bakı şəhərinə satmağa apardığı 1920 qutuda olan 115.200 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.
A. Adıgözəlova barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi)) protokol tərtib edilərək məhkəməyə göndərilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.