6 Mart 2023 16:29
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda 1983-cü il təvəllüdlü Famil Əliyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Oruc Cəlilovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 13-ə təyin olunub.

İttihama görə, ötən ilin noyabrın 16-da Cəlilabad rayon polis şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə onun qəsdən öldürülməsi müəyyən olunub.

İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib.

Müəyyən edilib ki, rayonun Sabirabad kənd sakini, 1976-cı il təvəllüdlü Xalidə Əliyeva qətl hadisəsindən 5 gün öncə itkin düşüb. Mərhumun meyiti noyabrın 20-də, səhər saatlarında rayonun Uzuntəpə kəndi ərazisində hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub.

Məlum olub ki, o, qətlə yetirilərək meyiti kənddəki əkin sahələrindən birində basdırılıb. Meyit müayinə olunduqdan sonra adiyyatı üzrə təhvil verilib.

Mərhum Xalidə Əliyevanın​ son günlər bir yerdə yaşadığı qardaşı Famil Əliyev və onun həyat yoldaşı ilə mülk üstündə mübahisələri yaranıb.

Hətta o, bununla bağlı 1 ay öncə polisə şikayət ərizəsi ilə müraciət də edib.

İstintaq orqanı tərəfindən Famil Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər