Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğın zamanı 5-i azyaşlı olmaqla 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2 metr olan su anbarına düşmüş 1 azyaşlının meyiti çıxarılaraq təhvil verilib.