Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları “Toyota Pirus” markalı avtomobildə narkotik vasitələr aşkarlayıblar.
Teleqraf.com xəbər verir ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1974 -cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir.
Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib və 1 kq 26 qr heroin aşkarlanıb.
Şübhəli şəxslər saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə təhvil verilib. Araşdırmalar nəticəsində narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq, saxlanılıb.
Qeyd edək ki, Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları son 3 ay ərzində narkotik vasitələrin və psixotrop maddələrin təsiri altında avtomobil idarə edən 7 sürücü aşkarlayıb və hər biri barəsində qanunvericiliyə uyğun şəkildə tədbirlər görülüb.