Mirhəsən Seyidov: “Son 6 ayda gördüyümüz işlər nəticəsində müraciətlər dayanmadan artır”
“2014-cü il bir çox uğurları ilə yadda qalsa da, builki hədəflərin Azərbaycan adına daha böyük uğurlar gətirəcəyinə inanıram”.
Bu fikirləri “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib. Onun sözlərinə görə, Prezident tərəfindən imzalanmış gənclərin inkişafına yönəlik proqramların icrası bu il də davam edəcək: “Bu il daha böyük işlərin və layihələrin həyata keçiriləcəyinə əminik. Səmimi ifadə edim ki, son qeyri- iş günlərində biz komanda olaraq istirahət imkanlarımızı 2015-ci ilin strateji hədəflərinə yönəltdik və böyük bir strateji planla yeni ildə təmsil olunacağıq. Ölkədə gənclər siyasətinin inkişafı istiqamətində, gənclərin innovasiya brendinin yaradılması, dayanıqlı inkişaf göstəricilərinin qaldırılması, region gənclərinin qərar qəbul etmə prosesində inkişafının təmin olunması, beynəlxalq əlaqələrin gücləndirilməsi və korporativ məsuliyyətin inkişafı istiqamətində aparılan bir çox işlərdə “İrəli” öz planlarını hazırlayıb. Təbii ki, bununla paralel ölkə səviyyəsində həyata keçirilən bir sıra beynəlxalq və dünya miqyaslı layihələrdə də təşkilatımızın rolu danılmazdır. Bu il ölkə səviyyəsində keçiriləcək Bakı Avropa Oyunları qismində “İrəli”nin əməliyyat komitəsi ilə birgə hazırladığı bir neçə layihə var ki, bunların keçirilməsi, könüllü bazanın formalaşdırılmasında gənclərin cəlb olunması prosesi davam etdirilir.
2015-ci ildə üstünlük verdiyimiz sahələr daha çox Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıtdırılması, ölkə mövqeyinin gücləndirilməsi məqsədilə nüfuzlu xarici KİV-də mütəmadi olaraq Azərbaycan haqqında yazıların işıqlandırılması, bununla paralel olaraq, daha çox vətənpərvərlik və beynəlxalq iştirakçılıq haqqında işlərin görülməsi planlaşdırılır”.
M.Seyidov qeyd edib ki, 2015-ci ildə daha çox beynəlxalq rəqabətə davamlı gəncin yetişdirilməsi nəzərdə tutulub: “Artıq yeni ildə 250 nəfərə yaxın gəncimizlə 30-a yaxın QHT, KİV və biznes strukturlarında ekoloji ofis standartlarının yaradılmasına dair BMT-nin inkişaf proqramı və Avropa İttifaqının dəstəyi ilə birgə başlanan bir layihəyə start vermişik. O cümlədən ölkə səviyyəsində narkomaniya ilə mübarizə istiqamətində artıq Təhsil Nazirliyi ilə birgə bir neçə layihəyə start verilib. Regionlarımızda, paytaxt rayonlarında bunun təbliğatının aparılması gənclərin sağlam ruhda böyüməsi üçün yardımçı olacaqdır.
Artıq yanvar ayının sonundan etibarən gənclər radiosu olan “İrəli Radio” öz fəaliyyətini tam yeni formatda yeni üslubda formalaşdıracaq. “İrəli Production” isə daha çox ölkə səviyyəsində sosial çarxların çəkilməsinə imkanlar tanıyacaq.
“İrəli” 2015-ci ildə region gəncləri ilə birgə sıx əməkdaşlıqların qurulmasında maraqlıdır və bu istiqamətdə son 6 ayda gördüyümüz işlər nəticəsində müraciətlər dayanmadan artır. Hər gün demək olar ki, onlarla gənc tərəfindən müraciətlər daxil olur. Bu səbəbdən artıq tərəfimizdən formalaşdırılmış regional mərkəz üçün yerli nümayəndəliklərin təsis olunması və ətraf rayonların bu prosesə qoşulmasına stimul yaradılacaq addımlar atılacaq.
Qeyd olunanlar təbii ki, bizim həyata keçirmək istədiyimiz planların bir hissədir. Azərbaycan adına uğurlu ola biləcək istənilən yerdə daim “İrəli”də olmağı ümid edirik”.
BƏXTİYAR