İyulun 3-də Abşeron rayonunun Digah qəsəbəsi ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi, onlardan birinin aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Sərxan Həşimov şübhəli şəxs qismində tutulub.
Bu barədə Teleqraf.com-a Baş prokurorluğunm mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu gün, xəsarət alan şəxslərdən daha biri - Hicran Həşimov müalicə aldığı xəstəxanada ölüb.
Sərxan Həşimov Cinayət Məcəlləsinin 120.2.7 və 29, 120.2.7-ci maddələrilə (qəsdən iki şəxsi öldürmə və qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, dünən xəsarət alanlardan biri, 1966-cı il təvəllüdlü Zümrüd Həşimova tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb.
Xatırladaq ki, Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirilib.
İyulun 3-ü saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Belə ki, 1955-ci il təvəllüdlü H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəsarət alan şəxslərdən 3 nəfər - S.Həşimovun əmisi və onun ailə üzvləridir.
Faktla bağlı araşdırma aparılır.