12 İyul 2023 13:41
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya vətəndaşından hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Elnarə Nəsrəddinovanın vəkili vəsatətlə çıxış edib.

O, müdafiə etdiyi şəxsin böyük oğlunun hazırda hərbi xidmətdə olduğunu, həmçinin himayəsində 3 yaşında azyaşlı övladı olduğunu bildirib. Qeyd edib ki, bu faktlar nəzərə alınsın, Elnarə Nəsrəddinovanın barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunsun.

Elnarə Nəsrəddinova da vəkili tərəfindən verilən vəsatətin təmin olunmasını istəyib. Digər təqsirləndirilən Yasəmən Məmmədova və vəkili də vəsatətə etiraz etməyiblər. Zərərçəkmiş Greer Christopheri və vəkili vəsatətə etiraz ediblər. Onlar vəsatətin təmin olunmamasını istəyiblər. Vəsatətə münasibət bildirən prokuror da vəsatətin rədd edilməsini istəyib. O, həmçinin cinayət işinin məhkəmə baxışına verilməsini və araşdırılmasını xahiş edib. Daha sonra müzakirə aparan hakim heyəti vəsatəti təmin etməyib. Məhkəmə baxışı iyulun 26-a təyin edilib. Qeyd edək ki, Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovaya Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham elan olunub.

İttihama görə, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Greer Christopheridir. O, Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər