13 Yanvar 2015 11:15
1 931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erkin Qədirli: “Tutaq ki, bunu Qərb edib. Bundan bizə nə?”

Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli din və dövlət mövzusunda fikirlərini açıqlayıb. REAL funksioneri milli dövlət üçün dinin xeyirli və ziyanlı tərəfləri haqqında danışıb.

E.Qədirli bildirib ki, hansı dinin olmasından asılı olmayaraq təəssübkeşliyin siyasi müzakirələrə gətirilməsi geriliyin əlamətidir. Onun fikrincə, siyasətdə dini təəssübkeşlik toplumda milli dövlət düşüncəsinin olmadığını, milli mənafelərə biganə yanaşıldığını göstərir: “Söhbət ölkə içində dini icmaların barış ovqatından getmir. Bunu siyasətdə də dəstəkləmək vacibdir. Söhbəti din adına beynəlmilləlçi yanaşmalara gətirirəm. Yəni, problem başqa ölkələrin eyni dinə aid əhalisiylə həmrəy olmaqda görürəm. İstər dini olsun, istər dünyəvi - beynəlmilləlçilik ölkəmizin coğrafiyasında çox sadəlövh və təhlükəli yanaşmadır. Tariximizdə bir dəfə bu yanaşma bizi müstəqillikdən məhrum etdi. 1920-ci ildə həm dini beynəlmilləçilər (islamçılar), həm də dünyəvi beynəlmilləlçilər (solçular) milli hökuməti quran Müsavata qarşı SSRİ-nin tərəfinə keçdilər. Nəticədə müstəqilliyimiz əlimizdən alındı. Üstəlik, erməniləri özümüzə qardaş xalq saymağı öyrətdi. İndi sanki yenə həmin yel əsir”.

“Ərəb xilafətləri, Osmanlı dövləti geopolitik ehtiyaclardan yaranıb”

E.Qədirli hesab edir ki, siyasətdə “İslam birliyi” proletarların birliyindən də nisyə söhbətdir. Onun fikrincə, heç xilafət dövründə də belə birlik olmayıb: “Ərəb xilafətləri, Osmanlı dövləti geopolitik ehtiyaclardan yaranıb və həmin ehtiyaclara görə davam edə bilib. Zamanında dəyişə bilmədiklərinə görə, geridə qaldılar və yox oldular. Dərsliklərdə “dini müharibələr” adı altında izah olunmağa çalışılan toqquşmalar da tamam başqa səbəblərdən doğan və dinlə birbaşa əlaqəsi olmayan məqsədlərə xidmət edən müharibələr olub. Zamanında dini don geyindirirdilər. Ona görə ki, əsgərlərin döyüş ruhu artsın və müharibəyə haqq qazandırmaq asan olsun. Babək də İslama qarşı vuruşmayıb. Sözdə bunu deyibsə, əsl səbəb başqa olub. Xilafətin də əsas məqsədi İslamı yaymaq deyildi. Babəklə savaşa xilafətin Bizansla geopolitik qarşıdurması konteksində baxılsa tamam fərqli mənzərə görə bilərik”.

REAL nümayəndəsi vurğulayıb ki, Qarabağa gedən yol Qüdsdən keçmir: “Qüds problemi var və Fələstin xalqının davası haqq davasıdır. Bunu biz də dəstəkləyirik. Amma yalnız sözdə. Sözdə dəstəkləmək də az deyil. Bu, gücsüz olduğumuza görə deyil. Güclü olsaq da, bu, bizim işimiz deyil. Biz öz ölkəmizin milli mənafelərini düşünməliyik. Həmin milli mənafelərin qavranılmasında din yardımçı ola bilmir. Həmrəy olmağa arzulanan ölkələrin hökumətlərisə, öz geopolitik məqsədlərinə çatmaq üçün bu sadəlövh arzulardan istifadə edir”.

“İranın ABŞ-la yaxınlaşması ölkəmiz üçün də faydası olacaq”

Erkin Qədirli qeyd edib ki, Parisdəki terror aktlarıyla bağlı yazışmalarda “əcəb oldu”, “günah fransızların özündədir”, “Qərb özü təşkil edib bunu” kimi fikirlərə rast gəlməsi onu məyus edib: “Məsələ işin faktik tərəfində deyil. Tutaq ki, bunu Qərb edib. Bundan bizə nə? Hansı siyasi fayda çıxara bilərik ölkəmiz üçün? Parisdə törədilən terrordan sonra Avropanın siyasi dairələrində və əhalisinin bir hissəsində müsəlman xalqına münasibətdə stereotipləri mənfi şəkildə canlana bilər. Bu, bizim milli maraqlarımıza ziddir. Bu baxımdan məsələyə dini gözlə baxmağın yeri var. Biz dünyəvi dövlətik, amma müsəlman ölkəsiyik. Avropada belə stereotiplərin mənfi şəkildə canlanması bizə ziyan vuracaq. Amma, “müsəlman ölkələri” adlanan çevrələrdə də ölkəmizə gerçək münasibət dini təəssübkeşliyə görə deyil. Acı həqiqət olsa da deyim, nə qədər ki, özünü İslamla əlaqələndirən qrupların və onların arxasında duran qüvvələrin başı Qərblə köhnə və ya yeni problemlərə qarışıb, ölkəmiz nisbətən rahat ola bilər. Unutmayın ki, həmin qrup və çevrələrdə bizi heç doğru-dürüst müsəlman da saymırlar. Ölkəmizin şiə kimliyinə görə bizi “gerçək İslama” gətirmək həvəsində ola bilənlər çıxacaq ortaya. Sırf milli təhlükəsizlik ehtiyacları nöqteyi-nəzərdən, Ərəbistan bölgəsindən ölkəmizə gələ biləcək təhlükələrə qarşı bizim üçün təbii müttəfiq İrandır. İranın ABŞ-la yaxınlaşması baş tutsa, ölkəmiz üçün də faydası olacaq. Bizim Ərəb mədəniyyətiylə və Ərəbistan bölgəsindən gələn dini təlimlərlə əlaqəmiz çox uzaq və zəifdir. Bizim milli kimliyimiz İran-Turan qovuşmasından doğub. Biz bu mədəniyyətlərə aidik. Kim nə deyir desin, ölkəmizin tarixi ətaləti şiəliklə bağlıdır. Bu bağı qırmaq olmaz. Kimlik demişkən, son illərdə uşaqlara verilən adların statistikası da heç ürəkaçan deyil. Müsəlman olmaq, etnik kimlikdən imtinanı ehtiva etmir.

Türk olanlar niyə kütləvi şəkildə ərəb adları seçirlər? Bu, hər kəsin fərdi haqqıdır. Hökumət burada inzibati yollarla bir şey edəsi deyil. Amma fərdi haqların gerçəkləşməsi nəticəsində yaranan toplam mənfi ortamı da görməzdən gəlmək olmaz. İnsanlarımız başqa ölkələrin maraqlarını daha böyük həvəslə düşünür, nəinki Azərbaycanın”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər