“Prezident İlham Əliyev növbəti dəfə də humanist addım atdı. Dövlət başçısının tapşırığına əsasən, Tarif Şurasının növbədənkənar iclasının keçirilməsi, neft məhsullarının qiymətlərinə yenidən baxılması və tariflərin tənzimlənməsi barədə yeni qərarın qəbul edilməsi Prezident İlham Əliyevə olan etimad və inamı daha da artırdı”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. S.Vəliyeva bildirib ki, bu cür tapşırıq verməklə prezident İlham Əliyev dövlət siyasətinin mərkəzində insan amili durduğunu bir daha sübut etdi: “Dövlət başçısı dəfələrlə qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah və firavan yaşaması təşkil edir. Bu, demək olar ki, müasir Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Məhz dövlətimizin başçısı hər bir addımında, verdiyi bütün qərarlarda ilk olaraq insanları düşünür. Elə bu məqamda xatırlatmaq yerinə düşər ki, dəfələrlə prezident İlham Əliyevin bu cür humanist addımlarının şahidi olmuşuq. Ölkə əhalisinin mavi yanacağa görə olan borcunun silinməsi, keçmiş SSRİ banklarında qalmış əmanətlərin qaytarılması və s. misal olaraq göstərilə bilər”.
Milli Məclisin deputatı vurğulayıb ki, dövlət başçısı İlham Əliyev hər bir azərbaycanlının prezidenti kimi xalqımızın ona göstərdiyi etimadı fəaliyyəti boyu doğruldur və sonuncu qərar da bunun bir nümunəsi oldu.
Səxavət