Xaçmaz rayonunda tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Oktyabrın 31-də Xaçmaz şəhər sakini, 1961-ci il təvəllüdlü Mafizə Şirinbalayevanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı fərdi yaşayış evində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Şahin Əhmədovun oktyabrın 21-də aralarında yaranmış mübahisə zamanı tanışı Mafizə Şirinbalayevanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Şahin Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda ibtidai istintaq davam edir.