Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 5-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin yaydığı başqa bir məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.
Dekabrın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 2 ədəd tapança, 1 patron darağı, 435 ədəd müxtəlif çaplı patron və 18 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 tüfəng aşkar edilərək götürülüb.