Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Elçin Cəfərovu saxlayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Cəfərovun paytaxt ərazisində taksi xidməti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.
Xətai RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Ceyhun Abbasquliyev də saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.
E.Cəfərov və C.Abbasquliyev onlardan aşkar olunan heroin və marixuananı sosial şəbəkələrdə əlaqə qurduqları İran vətəndaşları vasitəsi ilə paytaxtın müxtəlif ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.