Daxili İşlər Nazirliyi istirahət günləri baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, 13-14 yanvar tarixlərində ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 70, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 45 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.
Bundan başqa, Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
13-14 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 ədəd avtomat silahı, 3 qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 242 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
13-14 yanvar tarixlərində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 5 ədəd müxtəlif markalı tapança, 11 ədəd tüfəng, 3 patron darağı və 15 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
13-14 yanvar tarixlərində polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 31,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 28 kiloqram 690 qram marixuana, 2 kiloqram 435 qram heroin və 422 qram metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.