Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Zaur Məmmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hikmət İsayev saxlanılıb.
Həmin şəxslərin üzərlərinə, eləcə də Z.Məmmədovun avtomobilinə və evinə baxış keçirilən zaman ümumilikdə 1 kiloqramdan artıq (1165 qram) narkotik vasitə olan marixuana, eləcə də 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı və 6 ədəd güllə aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.