Xəbər verildiyi kimi ötən il sentyabrın 8-də Göyçay rayon Kürdəmiş kənd sakini 1967-ci il təvəllüdlü Şahsən Yusifovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Teleqraf.com-a Göyçay rayon prokurorluğundan bildirilib.
İbtidai istintaqla 1998-ci il təvəllüdlü Novruz Mahmudovun rayonun Cəyirli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Şahsən Yusifova yumruqla zərbə vurması nəticəsində sonuncunun həmin zərbənin təsirindən yıxılaraq aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Novruz Mahmudova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.