Paytaxtın Səbail rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxslər 3 vətəndaşın evindən 30.000 manat dəyərində qızıl-zinət, 2 ədəd mobil telefon, notbuk, fotoaparat və dəyərli antik əşyaları ələ keçiriblər.
Teleqraf.com xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə hadisələri törədən, əvvəllər məhkum olunmuş 1993-cü il təvəllüdlü Toğrul Abbaslı və həmyaşıdı Seymur Hacıyev saxlanılıblar.
Onlar dindirmə zamanı hər üç evi eyni üsulla taladıqlarını, günlərlə mənzil sahiblərini izləyərək axşam saat 19:00-22:00 aralığında onların mənzildə olmadıqlarını müəyyənləşdirib əmin olduqdan sonra oğurluq etdiklərini bildiriblər.
T.Abbaslı və S.Hacıyevin paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.