Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, aprelin 4-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 92, o cümlədən borclu şəxs qismində axtarışda olan 82 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Aprelin 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. Aprelin 4-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd patron aşkar edilərək götürülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 4-də ümumi çəkisi 2,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.