Sosial şəbəkələrdə tərbiyəçi-müəllimin azyaşlıya şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Videoda müəllimin uşağı döyərək ona “Kəs səsini. Aşağı düşsən, səni boğub öldürərəm”, deməsi əks edilib. Görüntülərdə eyni zamanda azyaşlının şiddətə qarşılıq olaraq ağlamasını da eşitmək mümkündür.
Hadisə Sabunçu rayonunda 310 nömrəli uşaq bağçasında lentə alınıb.
Teleqraf.com hadisə ilə bağlı məlumat öyrənmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
İdarənin İctimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Solmaz Ələkbərova həmin tərbiyəçi-müəllimin vəzifəsindən azad edildiyini açıqlayıb:
“310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib”.