Cari ilin aprelin 14-də 1935-ci il təvəllüdlü İsmayıl Rəhimovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon prokurorluğundan bildirilib.
İstintaqla 1969-cu il təvəllüdlü Emin Rəhimov martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimova baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.