"Nabucco" layihəsi kifayət qədər bahalı və riskli layihədir. Avropa Birliyinə daxil olan ölkələrdən heç kəs əlini cibinə salmaq istəmir. Üstəlik, Azərbaycan boru kəmərini təkbaşına doldura bilməz. Gərək Türkmənistan və İran bura qoşulsun. Rusiya buna razılaşacaqmı? Cənub Qaz Dəhlizi layihəsi - TANAP və TAP xətləri necə olacaq? Bütün bunlar sual doğurur. Ona görə də mən "Nabucco" layihəsinin gələcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Hər şey Qərbin verəcəyi siyasi qərardan asılıdır. Əgər Azərbaycan və Bolqarıstan prezidentləri "Nabucco" layihəsini yeniləmək barədə qərar qəbul ediblərsə, bu, Rusiya üçün xoş xəbər olmayacaq".
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib. Onun sözlərinə görə, Rusiya Avropaya alternativ qaz kəmərlərinin çəkilməsində maraqlı deyil: "Şimal qonşumuz cidd-cəhdlə çalışacaq ki, planı pozsun".
Z.Əlizadəyə görə, əgər Amerika İranın Nabucco-ya qoşulmasına razılıq versə, Avropa dövlətləri bununla razılaşacaq: "ABŞ-ın mövqeyi həlledicidir. İran "Nabucco"ya qoşulsa, layihəni gerçəkləşdirmək mümkün olacaq. Əks təqdirdə vəziyyət qəlizləşir. Aydındır ki, Rusiya Türkmənistan qazının Xəzərin dibi ilə Azərbaycana daşınmasına razı deyil. Onlar bunu Xəzərin ekoloji durumunun pisləşməsi ilə izah edirlər. Həmçinin Rusiya Avropaya daha ucuz qiymətə qaz təklif edir. İndi "Türk axını" üzərində işlər aparılır. Bolqarıstan istəsə belə, Rusiyanın bu planına qarşı çıxa bilməyəcək".
Qeyd edək ki, Sofiyada apardıqları danışıqların nəticəsi olaraq Azərbaycan və Bolqarıstan liderləri “Nabucco” qaz kəməri layihəsini bərpa etmək qərar veriblər. Bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov bəyan edib. Baş nazir jurnalistlərə bildirib: “Elə bu gün biz prezident Əliyevlə birlikdə Avropa İttifaqının Komissiyasına “Nabucco”nun yenilənməsinə dair layihəni təqdim edəcəyik”.
Xatırladaq ki, Rusiyanın “Cənub axını” kəmərinə alternativ hesab olunan “Nabucco” kəməri layihəsi 2013-cü ildə Avropa Komissiyası tərəfindən rəsmən ləğv edilib. Avropa və Qərb uzun illər bu layihənin həyata keçirilməsi üçün çalışsa da, Rusiyanın güclü müqaviməti, habelə layihənin kifayət qədər bahalı olması və on milyardlarla dollara başa gələcək kəməri doldurmaq üçün kifayət qədər qaz mənbələrinin tapılmaması “Nabucco”nun iflasa uğraması ilə nəticələndi.
Azərbaycan isə öz qazını Avropaya nəql etmək üçün daha ucuz başa gələn və siyasi baxımdan daha az riskli dəhlizi (TANAP+TAP) seçdi. Lakin ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putin Ankarada “Cənub axını” qaz kəməri layihəsinin dayandırıldığını, onun əvəzində Rusiyadan Türkiyənin Yunanıstan sərhədinə qədər eyni gücdə “Türk axını” kəmərinin çəkiləcəyini elan edəndə regionun enerji xəritəsi dəyişdi.
Ayxan