Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə “Beynəlxalq Bank”ın Səbail filialının alının baş mütəxəssisi Namiq Həsənov ifadə verib. O, bildirib ki, Hüquq maarifçilik Cəmiyyətinin maliyyə əməliyyatları bankda keçirilib: “Ödənişlərin aparılması üçün müəssisənin mühasibi gəlib. Mühasibat sənədlərində isə cəmiyyətin prezidentinin imzası olub. İmzalar yoxlanıldıqdan sonra ödəniş əməliyyatları həyata keçirilib”.
Şahidin sözlərinə görə, cəmiyyətin mühasibi Əfsanə Orucova son 4 il ərzində bankda 77 dəfə olmaqla, ümumilikdə 119 min manat əməliyyat görüb. Onun sözlərinə görə, imzalara baxış keçirilib: “İmzaların yoxlanılması üçün banklarda xüsusi cıhaz olmur. Nəzər yetirdikdən sonra imzaların doğruluğu yoxlanılır”.
Daha sonra hakim ifadə vermək üçün İntiqam Əliyevə söz verib. Amma İntiqam Əliyev ifadə verməyib. O, bildirib ki, cinayət işində bəzi sənədlər yoxdur. Bu zaman hakim bildirib ki, müdafiə tərəfinin vəsatəti əsasında qrant layihlərinin qeydiyyatdan keçməsi ilə bağlı Ədliyyə Nazirliyinə, bəzi sənədlərin istintaq orqanında saxlanılması barədə sənədlərin alınması ilə bağlı Baş Prokurorluğa sorğular verilib. Hakim qeyd edib ki, həmin sorğulara cavab verilib. Hakim sorğuların cavablarını tərəflərə təqdim.
İntiqam Əliyev əsas sənədlərin cinayət işində olmadığını deyib. Hakim bildirib ki, məhkəməyə təqdim olunmuş sənədlər əsasında işə baxırlar. Onun sözlərinə görə, məhkəməyə 10 cilddən ibarət sənəd təqdim edilib: “Həmin sənədlər ətrafında cinayət işi araşdırılır”.
Bundan sonra cinayət işində olan sənədlər məhkəmədə araşdırılıb. Sənədlərin araşdırılması zamanı prokuror Fərid Nağıyev bildirib ki, əməliyyat-axtarış tədbirləri zamanı cəmiyyətin möhürü istintaq orqanı tərəfindən götürülməyib. İntiqam Əliyev də möhürün götürülmədiyini, həmin möhürün cəmiyyətin ofisində saxlanıldığını deyib.
Bundan sonra prokurorun vəsatəti əsasında cinayət işinin materialları arasında olan İntiqam Əliyevin imzalarına baxış keçirilib. Daha sonra zərərçəkmiş Sadiq Bağırovun əmək haqları cədvəllərində İntiqam Əliyevin imzasının müəyyən edilib-edilməməsi ilə bağlı xətşünaslıq ekspertizasının keçirilməsini istəyib. Prokuror deyib ki, istintaq dövründə xətşünaslıq ekspertizasının keçirilməsi barədə sənəd var. Onun sözlərinə görə, əmək haqları cədvəllərinə edilən imzalarla bağlı xətşünaslıq ekspertizası təyin edilib və 8 dekabr 2014-cü il tarixli ekspertizanın rəyi var. Prokuror zərərçəkənin vəsatətinin təmin edilməməsini istəyib. Müşavirə keçirən hakimlər vəsatəti təmin etməyiblər.
Daha sonra məhkəmə istintaqı yekunlaşıb və çıxış etmək üçün prokurora söz verilib. Prokuror İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Hüquq Maarifçiliyi Cəmiyyətində (HMC) mühasib işləyən Gülşən Orucovanın bacısı Əfsanə Orucovanın bank hesabına 119 min manat pul köçürülüb. Bacıların həmin vəsaiti bankdan çıxarıb İntiqam Əliyevə verdikləri iddia olunur. Qarşı tərəf isə bu iddianı rədd edir və bunu sübut edən hər hansı faktın olmadığını deyirlər.
İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.
Hacı Zeynalov