25 Aprel 2015 18:45
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daima Osmanlının diqqət və qayğısını hiss etmələrinə və yüksək vəzifələrdə təmsil olunmalarına baxmayaraq, I Dünya müharibəsində ermənilər türklərə düşmən kəsildilər. Daxili sabitliyi qorumağı vacib hesab edən türk dövlətinin rəhbərləri müxtəlif bölgələrdə türklərə, kürdlərə və digərlərinə qarşı qətliam törədən ermənilərin köçürülməsi haqqında qərar qəbul etdilər. Bu qərarın səbəbini qəbul edə bilməyən ermənilər bunu özlərinin “soyqırımı” kimi dünyada yaymağa başladılar.

Ermənilər bu iddiaları ilə nəyə nail olmaq istəyirlər?

“Hər yerdə erməniləri ifşa edəcəyik”

Məsələyə münasibət bildirən millət vəkili Fuad Muradov deyib ki, ermənilər qondarma “soyqırım”larını anırlar, lakin biz Çanaqqala qələbəsinin 100 illiyini qeyd edirik. Onun sözlərinə görə, dünyanın 75 ölkəsindən hökumət nümayəndələri və digər qurumların təmsilçiləri Çanaqqala zəfəri ilə bağlı tədbirlərdə iştirak edir: “O ki, qaldı ermənilərin bu iddiasına, biz reallığı nəzərə almalıyıq. Reallıq ondan ibarətdir ki, qondarma erməni ”soyqırımı"nın tanınması prosesi gedəcək. Bundan sonra Türkiyəyə təzminat, daha sonra isə torpaq iddiası qaldıracaqlar. Misal üçün, deyəcəklər ki, Ağrı dağı da bizimdir. Avropa Parlamentində qəbul edilən qətnamədə Azərbaycan-Ermənistan, eyni zamanda, Türkiyənin sərhədləri açması məsələsi də var idi. Bu baxımdan bizim mövqeyimiz olduğu kimi qalır. Xocalı soyqırımı, eyni zamanda Qarabağın işğalı ilə bağlı qəbul edilən sənədləri yenidən gündəmə gətirəcəyik".

F.Muradov qeyd edib ki, Azərbaycan tərəfi bu məsələlərlə bağlı hər zaman öz qəti mövqeyini nümayiş etdirib: “Prezident İlham Əliyevin siyasəti ondan ibarətdir ki, biz hər yerdə erməniləri ifşa edəcəyik. Azərbaycan torpaqlarının işğalı, Xocalı soyqırımı, Sərkisyanın beynəlxalq hərbi məhkəməyə çıxarılması məsələsi gündəmimizdədir. Ona nail olmalıyıq ki, hərbi cinayətkar heç vaxt ölkə başçısı ola bilməz. Necə ki, Serj Sərkisyan bu gün ölkə başçısıdır və insanları təmsil edə bilməz. Eyni zamanda, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının bərpası istiqamətində işlər görüləcək.

Ümumi olaraq, ümid yolu isə Türk dövlətlərinin birləşməsidir. Turan dövləti məsələsi gündəmdə olmalıdır".

“Ermənilərin əlindən bu silahı almaq lazımdır”

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirib ki, Ermənistana cəmi 4 ölkənin prezidenti gəlib: “Bu artıq onu göstərir ki, ermənilər qondarma ”soyqırımı"nın 100 illiyi ilə bağlı dünyaya sərgiləmək istədikləri şounu tam təşkil edə bilmədilər. Ermənilərin məlum 4T oyunu var: tanıtım, tanıtma, təzminat və torpaq iddiaları. Bütün bunlar ermənilərin başlıca hədəfləridir. Lakin proseslərin gedişatı onu göstərdi ki, ermənilər öz istədiklərinə nail ola bilmədilər. Cəmi 4 ölkənin dövlət başçısı gedib ki, onlardan biri ermənipərəst mövqeyi ilə seçilən Yunan Kiprinin başçısıdır. Rusiya ilə Fransanın da mövqeyi bəllidir".

Analitik hesab edir ki, bundan sonra Türk dünyasının atacağı addımlar bəllidir: “Maksimum dərəcədə istər Azərbaycan, istər Türkiyə əl-ələ verib bu məsələdə bütün səylərimizi birləşdirməliyik. Yalnız ”arxivləri açmışıq, gəlin burada işləyin" demək keçmir. Bununla kifayətlənmək olmaz. Xarici ölkələrdə konfranslar, dəyirmi masalar təşkil edilməli, müxtəlif tarixi mənbələr əcnəbi dillərə tərcümə edilərək pulsuz paylanılmalıdır. Demək olar ki, bütün təbliğat elementlərindən maksimum dərəcədə istifadə etmək lazımdır ki, bu məsələ birdəfəlik zərərsizləşdirilsin və bizim bu qədər baş ağrımıza çevrilməsin".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər