28 Aprel 2015 11:21
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

XİN bəyanat yaydı

BBC-nin əməkdaşı Reda El Mavi Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb. Reportajda Suriyada müharibədən qaçaraq Ermənistana gələn 15 mindən artıq Suriya ermənisinin Ermənistanın bəzi şəhərlərində, habelə işğal altında olan Azərbaycan ərazilərində yerləşdirildiyi bildirilir. Qeyd olunur ki, Suriya erməniləri Dağlıq Qarabağda müharibənin ağır şərtləri altında yaşamaq məcburiyyətindədirlər.

"BBC-yə narazılıq edilib"

Dünən xarici işlər nazirliyi reportajla bağlı açıqlama yayıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, reportajla əlaqədar Azərbaycan tərəfinin narazılığı BBC-yə çatdırılıb: "BBC-nin bu məsələyə aydınlıq gətirməsini gözləyirik. Verilişdən göründüyü kimi, BBC telekanalının müxbiri qanunsuz şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib, Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanununu pozub.

Qeyri-obyektiv və qərəzli olan bu verilişdə istifadə edilən bir sıra ifadələr münaqişənin əsl mahiyyətini təhrif edir və reportajda Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş təcavüz, işğal və qanlı etnik təmizləmə təşviq olunur. Verilişdən göründüyü kimi, Ermənistan Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində demoqrafik vəziyyəti dəyişmək üçün məqsədyönlü şəkildə Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Azərbaycan tərəfindən bu məsələ dəfələrlə beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb".

Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Twitter səhifəsində bu məsələdən bəhs edib: "BBC-nin məlumatına görə, müharibədən qaçaraq Ermənistana pənah gətirən 15 mindən artıq Suriya ermənisi Dağlıq Qarabağda məskunlaşıb. Bu Suriya erməniləri Azərbaycana qarşı müharibədə iştirak etməyə məcbur olublar".

"Əvvəl-axır oradan çıxarılacaqlar"

Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib ki, Dağlıq Qarabağ və ətraf ərazilərə 200-400 nəfər köçə bilər: "Onlar bilməlidirlər ki, əvvəl-axır oradan çıxarılacaqlar. Çünki Qarabağ və ətraf rayonlar onların torpağı deyil və Azərbaycan orada öz hakimiyyətini bərpa edəcək. Ona görə də ermənilərin bu taktikasını ciddi qarşılamıram. Onlar, sadəcə, "bura həmişə bizim olacaq" deyə, psixoloji həmlələr edir və Azərbaycan cəmiyyətinə təzyiq etmək üçün belə bir informasiyalar yayırlar".

"Qarabağda əhalinin sayını 300 minə çatdırmaq istəyirdilər"

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq hüquq normalarına ziddir. Onun sözlərinə görə, bu addım işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik göstəricilərin dəyişilməsinə yönəlibdir: "Dəfələrlə Azərbaycan tərəfi bununla bağlı öz narazılığını bildirib, müraciətlər edib. 2010-cu ildə Minsk qrupunun həmsədrlərinin iştirakı ilə məhz qanunsuz məskunlaşma ilə bağlı faktaraşdırıcı missiya təşkil edildi və onlar işğal olunmuş ərazilərə getdilər. Düzdür, ancaq Dağlıq Qarabağın ətrafındakı əraziləri nəzərdən keçirdilər. Daha sonra bu missiyanın nəticələri dərc edildi və təsdiq etdilər ki, həqiqətən də Laçın, Ağdam, Qubadlı və Zəngilanda kənardan gəlmə ermənilər məskunlaşdırılıb, bu beynəlxalq hüquq normalarına ziddir və qarşısı alınmalıdır. Lakin bundan sonra məsələ necə idi, elə də qaldı. Heç kim bununla bağlı addım atmadı, heç bir qərar qəbul olunmadı. Təbii ki, ermənilər bu cür addımlarla ciddi bir nəticəyə nail ola bilməyəcəklər. Hələ 90-cı ilin ortalarında Köçəryan elan etmişdi ki, yaxın 10 il ərzində "Dağlıq Qarabağ"ın əhalisini 300 minə çatdıracaqlar. Amma heç bu rəqəmə yaxınlaşa bilmədilər, özlərinin rəsmi rəqəmlərinə görə isə indi bu ərazidə 137 min erməni yaşayır. Amma xarici ekspertlərin, müşahidəçilərin, regiona gedənlərin birmənalı fikri ondan ibarətdir ki, Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş Azərbaycan əraziləri daxil olmaqla heç 50-60 min arası əhali yoxdur".

"Qarabağa kasıb erməniləri köçürürlər"

A.Nağı deyib ki, haradan ermənilər köçməli olurlarsa, bundan Ermənistan hakimiyyəti istifadə edir və onları Dağlıq Qarabağ və ətraf rayonlara yerləşdirir: "Bu ərazilərə köçürülənlərin çoxu çarəsiz qalan, kasıb ermənilərdir. Onların imkanlıları başqa ölkələrə köçürlər. Azərbaycan ərazilərinə köçürülən ermənilər də bir müddət yaşadıqdan sonra köçüb gedirlər. Burada digər məsələ ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti rəsmi qaydada bu məsələnin üzərinə düşməlidir. Beynəlxalq təşkilatlar tərəfindən məsələni araşdırmaq üçün regiona komissiyanın göndərilməsinə nail olmalıdır və komissiyanın qərarlarına uyğun olaraq həmin əhalinin oradan çıxarılması və Ermənistan rejiminin cəzalandırılması üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır. Bundan başqa yol yoxdur".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər