Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz “parlament seçkiləri” və bu seçkilərdə “müşahidəçi” kimi iştirak edən şəxslər barədə məsələyə münasibət bildirib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan yazılı açıqlamada H.Hacıyev deyib: “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimə qanunsuz “parlament seçkiləri”nin keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu qanunsuz seçkilərlə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən 27 fevral 2015-ci il tarixində bəyanat verilib.
Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir.
ATƏT Minsk Qrupunun həmsədrlərinin sülh sazişi üzərində işə başlamaq üçün etdiyi çağırışlarına məhəl qoymayaraq, Ermənistan tərəfdən “seçki” adı altında atilan bu təxribatçı addım yalnız danışıqlar prosesinə xələl gətirmək və Azərbaycana qarşı işğal və təcavüzü pərdələmək məqsədi daşıyır.
Beynəlxalq ictimaiyyət tərəfindən bu qeyri-qanuni “seçkilər” pislənilir, qanunsuz hesab edilir və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstək ifadə olunur. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən 30 aprel tarixli bəyanatda bu seçkilərin tanınmadığı bir daha vurğulanır.
İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən təşkil olunan bu “seçkilərdə” öz-özünü “müşahidəçi” adlandıran bəzi marqinal siyasi şəxslərin bu kimi davranışı Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması kimi qiymətləndiriləcək. Özü-özünü “müşahidəçi” elan edən bu şəxslərin fəaliyyəti işğal, təcavüz və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrinin təşviqinə xidmət edir.
Slovakiya vətəndaşı Frantişek Mikloşkonun halında olduğu kimi, işğal olunmuş ərazilərə qanunsuz səfər edən və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozan bu kimi özü-özünü “müşahidəçi” elan etmiş şəxslərə münasibətdə də cinayət təqibinin başlana biləcəyi istisna deyil.
Slovakiya vətəndaşı Frantişek Mikloşko barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir və onun barəsində İnterpol vasitəsilə axtarış verilib”.
Səxavət