“Birləşmiş Ştatlar Rusiya qazının Avropadan sıxışdırılması məqsədilə Moskva və Afina arasında boru kəmərinin tikintisi sazişinə mane olmağa çalışır. Əvəzində Vaşinqton Azərbaycandan alternativ qaz kəmərinin tikintisində təkid edir”.
Publika.az xəbər verir ki, bu barədə “The Daily Telefraph” nəşri yazıb.
Nəşr qeyd edir ki, Azərbaycan qazı Avropa bazarlarını Rusiya asılılığından qurtarmağa kömək edəcək.
“ABŞ Rusiyanın Yunanıstanı ələ almasına “cavab atəşi” hazırlayır. Yaxın günlərdə bu məqsədlə Dövlət Departamentinin nümayəndə heyəti Afinaya yollanacaq. Nümayəndə heyətinə də Beynəlxalq Enerji Əlaqələri üzrə özəl təmsilçi Amos Hokştayn (Amos Hochstein) rəhbərlik edəcək”, - deyə “The Daily Telefraph” qeyd edib.
Qeyd edək ki, bir müddət öncə A. Hokştayn “Hürriyət” qəzetinə müsahibəsində TANAP-ın əhəmiyyətinə diqqət çəkərək bu layihənin tamamlanması üçün hər kəsi səfərbər olmağa çağırıb.
Hazırda Rusiya Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan boru kəmərlərinin keçəcəyi Yunanıstanın yeni seçilmiş solçu hökuməti ilə danışıqlar apararaq Avropa Birliyinin “Qazprom”dan imtina etmə planını pozmağa çalışır. Afina və Moskva arasında bu istiqamətdə ciddi danışıqlar aparılır və ortada yeni bir boru kəmərinin inşası məsələsi də var. Lakin Brüssel Rusiyaya yaxınlaşdığı üçün Afinaya ciddi xəbərdarlıq edib. ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndə heyətinin Afinaya getməsi isə Vaşinqtonun oyuna müdaxilə etmək qərarına gəldiyini göstərir.