ABŞ-da çıxan “The Hill” qəzetində ABŞ-ın Azərbaycan icmasının nümayəndəsi Lotfeli Xoşbəxtin 1992-ci mayın 8-də Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü ilə əlaqədar “Azərbaycanı unutmayın” sərlövhəli məqaləsi dərc olunub.
Şuşanın Azərbaycan musiqisi və mədəniyyətinin mərkəzi kimi əhəmiyyətini vurğulayan müəllif yazır ki, işğaldan, dağıntılardan və 1992-ci ilə qədər əhalinin 92 faizini təşkil edən azərbaycanlıların doğma yurd-yuvalarından didərgin salınmasından sonra bu tarixi şəhər ermənilər tərəfindən kabus şəhərə çevrilib. Məqalədə deyilir ki, Şuşa Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri və 613 dinc sakinin xüsusi amansızlıqla qətlə yetirilməsi ilə nəticələnən qırğından üç ay sonra işğal edilib.
Müəllif ABŞ hökumətinə müraciət edərək, onu 1993-cü ildə qəbul edilmiş və BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirməyə Ermənistanı məcbur etmək üçün öz təsirindən istifadə etməyə çağırır.
Qeyd edək ki, məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsinin Şuşa şəhərinin işğalı və Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatlandırılması üzrə ənənəvi yazılı kampaniyası çərçivəsində dərc olunub.
Səxavət