"İsa Qəmbərlə ilə bağlı bəzi ifadələr yerində deyil"
Müsavatçı jurnalist Elbəyi Həsənli Müsavat Partiyasının indiki və keçmiş başqanları Arif Hacılı və İsa Qəmbərlə bağlı sərt ifadələrlə zəngin olan feysbukdakı statusunu silib. Teleqraf.com xəbər verir ki, bununla bağlı jurnalistin özü məlumat verib.
O, qeyd edib ki, məlum statusu ilə bağlı ona dost, yaxın olan hər kəs təzyiq və qınaqlarla üzləşib: "Hətta həyatımda müstəsna rol oynamış Rauf Arifoğlu da iki dəfə zəng edərək, məni qınadığını bildirib və o statusu silməmi istəyib. Rauf bəy mənə deyir ki, o, Arif Hacılının və İsa Qəmbərin yanındadır, Müsavatın indiki rəhbərliyinin legitimliyini qəbul edir. "Belə çıxır ki, sənin yazdıqların mənə də, minlərlə başqa müsavatçılara da aiddir. Belədirsə, işimizi bilək, belə deyilsə, sil o statusu“, deyir, Rauf bəy. Sosial şəbəkədə də mənim yazdıqlarıma görə Rauf Arifoğlunun üzərinə yeriyirlər. Parabeynlər onu suçlayırlar, hətta idda edirlər ki, məhz onun istəyi ilə mən nələrsə yazıram. Bir daha bəyan edirəm. Rauf Arifoğlu mənim həyatımda müstəsna rol oynamış şəxsiyyətdir. İllər öncə məni jurnalistikaya o gətirib. Münasibətlərimizin ən kritik dönəmlərində belə mən bu faktı unutmadım. Şübhəsiz ki, o, mənə ərki çatan adamdır. Amma Rauf Arifoğlu yaxşı bilir ki, söhbət Müsavat Partiyasından gedəndə fərdlər mənim üçün yox olur. Müsavat uğrunda savaş mənim üçün şərəf məsələsidir. Və mən Məmmədəmin kişinin bizə əmanət etdiyi dəyərləri heç vaxt heç kimə qurban vermərəm.
Biz ona görə ailəmizlə, uşağımızla risk etməmişik ki, hansısa xəstə təxəyyüllü birisi gəlib Müsavat Partiyasında cahiliyə dövründən qalmış bədəvi qaydalar tətbiq etsin.
Siz fikir verin. Vurğun Əyyubu Müsavat Partiyasının hansısa təşkilatının hansısa özəyində iclas çağırıb partiyadan kənara atırlar. Bu adam partiyada ikinci şəxs olub. Vurğun Əyyubla üz-üzə gəlsək heç bir-birimizə salam vermərik. Yəni, onunla münasibətimiz xoş deyil. Amma mən heç vaxt onun partiyadan çıxarılmasına səs verməzdim. Onu məhz təhqir etmək üçün, aşağılamaq üçün belə bir addım atıblar. Həmin oyunda iştirak edən şəxsləri mən nəyinki müsavatçı, heç insan saymıram. Mən Müsavat Partiyasında belə əndrabadi oyunlara rəvac verənlərə sonsuz nifrətimi bildirirəm…
Bəli, birnəfəsə yazdığım son statusumda İsa Qəmbərlə ilə bağlı bəzi ifadələr yerində deyil. Əsəbi gərginlikdən doğan emosiyanal fikirlər var. Gərək belə olmayaydı. Amma nəzərə alın ki, bizim də əsəblərimiz dəmirdən deyil. Bu ifadələrin, üstəlik, onlardan daha kəskini və murdarının hamısı Arif Hacılının qohumları , qardaşları və Müsavatın indiki funksionerləri tərəfindən 1-2 aydır ki, başımdan aşağı yağdırılır. Mən siyasi ifadələrlə, təhlil janrında yazı yazanda, konkret Müsavat funksionerləri və Hacılı qardaşları mənə „Nakişçi“, „Yaramaz“, „Şərəfsiz“, „Satılmış“, „Fahişə“, „Erməni“ kimi etiketlər yazırdılar. Mən başqan olmasam da, insanam, müsavatçıyam və nəhayət, bir yazaram. Mənə bu ifadələri rəva görənlər, onları oxuyub susanlar bilməli idilər ki, günün birində mən bunları toplayıb, onların böyüklərinə qaytara bilərəm...
İstənilən halda, işin bu yerə gəlməsinə təəssüf edirəm. Gərək mən Müsavatın müasir funksonerlərinin səviyyəsinə enməyəydim...
Mən bir daha İsa Qəmbəri Müsavat Partiyasının lideri olaraq təşkilatımız üçün belə kritik bir dönəmdə məsuliyyətli qərarlar verməyə dəvət edirəm. Gərəksiz ifadələrə görə də başqandan üzr istəyirəm. Bilirəm ki, onun üçün artıq bunun əhəmiyyəti yoxdur, məni də öz „siyahısından“ silib. Lakin öz təcrübəmdən deyirəm ki, belə ifadələr adamı ağrıdır və qəzəbləndiri. Gərək hörmətli İsa bəy, Arif Hacılı mənə qarşı söyüş kampaniyası başlayanda, öz tərəfdarlarını durduraydılar".
E.Həsənli arzu edir ki, təki Müsavat Partiyasında sular durulsun və hər şey öz təbii axarına qayıtsın. Sonda bir daha hər bir müsavatçını əl-ələ verməyə, Müsavat Partiyasının xilası naminə birlik bə bərabərlik içində fəaliyyət göstərməyə səsləyirəm. Durumu nəzərə alaraq, məlum statusu silirəm. Kimlərin qəlbinə dəymişəmsə, üzr istəyirəm. Dostları yersiz hücumlardan qorumaq üçün öz nüfuzumu zərbə altına qoyduğumun da fərqindəyəm. Mənim inamıma görə, dostları həmişə müdafiə etmək lazımdır. Siz də dostlarınızın qədrini bilin və onlara sahib çıxın".
Ayxan