13 May 2015 13:29
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat: “Oyunları müxtəlif ölkələrdə 100 milyon tamaşaçı izləyə biləcək”

“Birinci Avropa Oyunlarına sayılı günlər qalır və bu baxımdan, həmin oyunların ilk dəfə Azərbaycanda keçirilməsi qürurverici hadisədir”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) üzvü, professor Gövhər Baxşəliyeva dilə gətirib. Onun dediyinə görə, xalqımız böyük idman bayramını səbirsizliklə gözləyir.

O, qeyd edib ki, çox yüksək səviyyədə aparılan hazırlıq işləri artıq tamamlanmaqdadır:

“Prezidentimizin təntənəli şəraitdə alovlandırdığı məşəl şəhər və rayonlarımızı gəzir, hər yerdə böyük coşqu və ruh yüksəkliyi ilə qarşılanır Belədə iyun ayının 12-də başlanacaq və 17 gün davam edəcək Birinci Avropa Oyunları bizə nə vəd edir? Düşünürəm ki, çox şey.Öncə onu deyək ki, hazırlıq prosesində ölkədə böyük quruculuq işləri görülüb, möhtəşəm stadion, idman obyektləri, otellər tikilib, bu sahədə bütöv infrastruktur yaradılıb. Avropa Oyunları bitəndən sonra onlar hamısı xalqımıza qalacaq, Azərbaycan insanının istifadəsinə veriləcək. Ölkəyə on minlərlə turist gələcək, dünya Azərbaycanın turistlik potensialı haqda məlumat alacaq, bu isə bu sahənin inkişafını stimullaşdıracaq. Mütəxəssislərin hesablamalarına görə hər gələn turist orta hesabla 2 min dollar burada xərcləyəcək ki, bu da ölkəmizə iqtisadi mənfəət gətirəcək. İdman və turizmlə bağlı bir sıra sahələrin inkişafı yeni impuls alacaq, bu da təkcə oyunlar zamanı yox, ondan sonra da uzunmüddət öz effektini verəcək. Məlumdur ki, Avropa Oyunları zamanı ümumən 20 idman növü üzrə yarışma keçiriləcək. Yarışlar zamanı ölkəmizə 2 min media nümayəndəsi, 6 min idmançı, on minlərlə azarkeşin gəlməsi gözlənilir. Onların vasitəsilə Azərbaycan həqiqətləri, əldə etdiyimiz nailiyyətlər, üzləşdiyimiz problemlər, Qarabağ və ətraf rayonların işğalı, 1 milyon əhalimizin qaçqın düşməsi haqda məlumatlar dünyaya bir daha çatdırılacaq”.

G. Baxşəliyeva hesab edir ki, translyasiya vasitəsilə oyunları müxtəlif ölkələrdə 100 milyon tamaşaçı izləyə biləcək, onlar Azərbaycan, onun tarixi, mədəniyyəti, incəsənəti, iqtisadi inkişafı, erməni təcavüzü haqda doğru-dürüst məlumat alacaq, ölkəmizi daha yaxından tanıyacaqlar:

“Dünya Azərbaycanla, onun uğurlu inkişafı ilə tanış olacaq. Bütün dünyanın gözü Azərbaycanda olacaq. Bütövlükdə bu yarışma Azərbaycanın və onun iqtisadi inkişafının dünyada təbliğ edilməsi üçün çox gözəl fürsətdir. Bədnam qonşularımızla aramızda gedən informasiya müharibəsində Ermənistana və erməni lobbisinə qarşı çox gözəl psixoloji silahdır. Dost və tərəfdaşlarımızın sayı artacaq. Beləliklə, ölkəmizin imici beynəlxalq aləmdə yüksələcək, populyarlığı və nüfuzu artacaq, bu isə dolayısı ilə dövlətimizi gücləndirəcək, regionda və dünyada mövqeyinimöhkəmləndirəcək. Oyunlar Azərbaycanı dünyaya idman mərkəzi kimi də tanıdacaq, ölkəmizin dünya idman məkanında yeri yüksələcək. Yarışlar Azərbaycanın özündə və regionda idmanın inkişafına yeni təkan verəcək. Məlumdur ki, böyük idman tədbirləri sülhə, əminamanlığa, dostluğa, dincyanaşı birgəyaşayışa töhfə verir, insanları, xalqları və dövlətləri bir-birinə yaxınlaşdırır. Deməli, ölkəmiz bu işə də öz töhfəsini verəcək. Beləliklə, Birinci Avropa Oyunları ölkəmizə iqtisadi, siyasi, ictimai, mənəvi və psixoloji dividendlər vəd edir, bu isə zaman və məkan baxımından bugünkü Azərbaycanımız üçün son dərəcə əhəmiyyətlidir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər