9 İyun 2015 01:37
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 8-də Bakıda Rusiya Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qonaqları salamlayıb. Səfir qeyd edib ki, 1990-cı il iyunun 12-də RSFSR Xalq Deputatlarının qurultayı “RSFSR-in dövlət suverenliyi haqqında Bəyannamə” qəbul edib. Bu qərar Rusiyanın tarixi inkişafının yeni mərhələsinin başlanğıcı olub. Rusiya öz tarixində ilk dəfə olaraq siyasi plüralizm, demokratiya, bazar iqtisadiyyatı, insan hüquqlarına hörmət prinsiplərinə keçib.

Səfir bildirib ki, 25 il ərzində Rusiya mürəkkəb bir yol keçib. O deyib: “Rusiya üzərinə düşən bütün sınaqlara davam gətirib. Bu, göstərir ki, ölkə düzgün yoldadır. Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətləri hörmət, bir-birinin suverenliyinin və ərazi bütövlüyünü tanımaq prinsiplərinə əsaslanır. Rusiya öz həqiqi dostu kimi Azərbaycanın uğurlarına sevinir. Əmin edirəm ki, Rusiya Azərbaycan ilə əlaqələri möhkəmləndirmək üçün əlindən gələni edəcək”.

Vladimir Doroxin qeyd edib ki, Rusiya bundan sonra da Azərbaycan ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün var qüvvəsini əsirgəməyəcək. Çünki Rusiya güclü, sabit və tərəqqi edən qonşu dövlətin olmasında maraqlıdır.

Nəqliyyat naziri Ziya Məmmədov tədbirdə çıxış edərək Azərbaycan hökuməti adından toplaşanları Rusiya Günü münasibətilə təbrik edib. O deyib ki, uzun illər Rusiya ilə Azərbaycanı tarixən ümumi tale birləşdirib. Ölkələrimiz arasında münasibətlər həmişə qarşılıqlı anlaşma və dostluq üzərində qurulub. Son illər Azərbaycan ilə Rusiya irəliləyiş və tərəqqi yolunda çox iş görüblər. Azərbaycan bu əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Rusiya ilə illik əmtəə dövriyyəsi 2 milyard dollar təşkil edir. Birgə mədəni tədbirlər, çoxsaylı forumlar və konfranslar keçirilib.

Nazir deyib: “Rusiya Azərbaycanın suverenliyini birincilər sırasında tanıyıb. Prezident İlham Əliyev ilə Prezident Vladimir Putinin dostluğu sayəsində ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Rusiya Federasiyası dünya proseslərində mühüm rol oynayan aparıcı ölkələrdən biridir”.

Sonra V.Doroxin “Space” televiziya kanalının prezidenti, tanınmış rejissor Vaqif Mustafayevə Rusiyanın “Dostluq ordeni”ni təqdim edib. O, Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə böyük töhfəsinə görə Rusiya Prezidenti Vladimir Putinin Fərmanına əsasən bu yüksək mükafata layiq görülüb.

Vaqif Mustafayev Rusiya Prezidentinə və səfir Vladimir Doroxinə təşəkkürünü bildirib.

Qəbulda Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər